1980-ci illərin ortalarından SSRİ-də yenidənqurma və aşkarlıq siyasəti yürüdüldü. Əvvəllər qadağan olunan bir çox şeylərə indi icazə verilirdi. Hələ qüvvədə olan bəzi qadağalar və məhdudiyyətlərdən biri də xarici səfərlərə qoyulan məhdudiyyət idi.
SSRİ-də sovet hökumətinin ilk illərindən “çıxış vizası” tətbiq olunurdu – ölkədən çıxmaq üçün icazə almaq lazım idi. Buna nail olmaq isə asan məsələ deyildi. Müxtəlif orqanlar razılıq verməli idilər, onlar da verdikləri razılığa görə məsuliyyət daşıyırdılar. Əgər xaricə getməsinə razılıq verdikləri adam “lənətə gəlmiş kapitalizmdə” qalardısa, bunun cəzası ağır ola bilərdi. Aydındır ki, kimsə risk edib başını ağrıtmaq istəmirdi, ən etibarlısı razılıq verməmək idi.
1967-ci ildə Stalinin qızı Svetlana Alliluyeva vətəndaş nikahında yaşadığı Braceş Sinqhi dəfn etmək üçün Hindistana getdi və buradakı ABŞ səfirliyindən sığınacaq istədi. Hadisə SSRİ üçün böyük qalmaqal idi. 30 il ölkəyə rəhbərlik etmiş adamın qızı burada yaşamaq istəmirdi, üstəlik də elə-belə ölkəyə deyil, əsas düşmənə sığnmışdı. Sovet rəhbəri Leonid Brejnev hadisədən KQB sədri Vladimir Semiçastnını çıxarıb yerinə daha etibar etdiyi Yuri Andropovu təyin etmək üçün yararlandı.
Yenidənqurma illərində xaricə çıxış azadlığı başqa azadlıqlarla müqayisədə daha ləng inkişaf edirdi. Amma burada da müəyyən irəliləyişlər vardı. Məsələn, 1988-ci ildən etibarən idmançılara xarici klublarda oynamaq hüququ verildi. Sənət adamlarının, bəzi başqa ixtisas sahiblərinin xaricdə işləməsi halları artdı. SSRİ dağılmasaydı belə, bir gün çıxış vizası məhdudiyyətinin tam aradan qalxacağını anlamaq çətin deyildi (1991-ci ilin mayında ləğv olundu).
Buna baxmayaraq, SSRİ-nin son illərində təyyarə qaçırmaq cəhdləri yenə də davam edir. Məsələn, 1988-ci ildə Oveçkinlər ailəsinin üzvlərindən ibarət “Yeddi Simeon” caz qrupu təyyarəyə odlu silahlar keçirərək, qaçırmağa cəhd göstərdi. Cəhd ailənin 11 üzvündən beşinin və başqa 4 nəfərin həlak olması ilə nəticələndi. Halbuki bir neçə ildən sonra onlar tamamilə sərbəst şəkildə ölkəni tərk edə bilərdilər.
Bu məqaləmizin mövzusu isə 1989-cu ildə Bakı hava limanında baş verən, amma xoşbəxtlikdən ölümsüz, qansız yekunlaşan cəhd haqqındadır. Müəyyən cəhətlərinə görə bu hadisənin bənzəri yoxdur.
***
1989-cu il martın 30-da axşam saatlarında Binə hava limanına Voronej – Həştərxan – Bakı reysi ilə uçan Tu-134 təyyarəsi eniş etdi. Bu zaman sərnişinlərdən biri (sonralar onun işlədiyi idarənin vəsaitini mənimsəməkdə şübhəli bilinən Stanislav Skok adlı şəxs olduğu müəyyən edildi) təyyarəni ələ keçirməyə cəhd etdi.
O bildirirdi ki, təyyarənin baqaj hissəsində olan çantasında partlayıcı maddə var və əgər o, saatına yerləşdirilmiş düymədən əlini 5-6 saniyə çəkərsə, partlayış baş verəcək. Bundan əlavə, sərnişinlər arasında iki yoldaşının olduğunu deyirdi. O, səhər saat 8-ə qədər 500 min dollar, 500 min alman markası və Pakistana uçuş tələb edirdi.
Hadisə barədə Azərbaycan KQB-nin sədri İvan Qorelovskiyə məlumat verildi. Bir neçə saatdan sonra Moskvadan xüsusi təyinatlı “Alfa” qrupu gəldi. Qrupa Sovet İttifaqı Qəhrəmanı Viktor Karpuxin rəhbərlik edirdi.
SSRİ-nin son illərində terror hadisələrini gizlətmək mümkün deyildi. Müəyyən həddə aşkarlıq və mətbuat azadlığı vardı. Buna görə də əməliyyatın qüsursuz keçməsinə böyük önəm verilirdi. Bir il əvvəl Oveçkin ailəsi ilə bağlı hadisə zamanı məhz fərasətsiz antiterror əməliyyatı üzündən 9 nəfər həlak olmuş, təyyarə də tamamilə yanmışdı.
Uğurlu antiterror əməliyyatının əsas şərtlərindən biri üzləşdiyin problem haqqında maksimum informasiya toplamaqdır, xüsusən də terrorçuların sayı, silahları barədə. İndi Binə hava limanına yığışan xüsusi qüvvələr Skokun həqiqətən bombasının və ortaqlarının olub-olmamasını müəyyənləşdirmək istəyrdilər.
Terrorçunun xəbəri olmadan təyyarənin bütün baqajı boşaldıldı və minaaxtaranlar tərəfindən yoxlanıldı. Heç bir çantada partlayıcı tapılmadı. Təyyarənin salonuna xüsusi dinləmə qurğuları da yerləşdirildi. Əldə olunan məlumata görə, terrorçu tez-tez ağzını pencəyinə tərəf tutur, ratsiya ilə danışırmış kimi sözlər deyir, kiməsə göstərişlər verirdi. Amma həmin iki nəfəri müəyyənləşdirmək mümkün olmadı.
Baqajda bombanın tapılmaması yaxşı xəbər olsa da, onun başqa yerdə, məsələn, Skokun çiynindən asılan çantada olması istisna deyildi. Terrorçu özü isə saatındakı düymə barədə dediyini təsdiq edirmiş kimi əlini saatından çəkmirdi. Hər hansı xoşagəlməz təsadüfi istisna etmək lazım idi.
Bu zaman kiminsə ağlına məşhur bakılı ekstrasens Tofiq Dadaşovdan yardım istəmək gəldi. Təxminən 07:30-da hava limanına gətirilən Dadaşov iki şeyə nail olmalı idi:
– belə vəziyyətlərdə ənənəvi taktika olan vaxtı uzatmaq;
– terrorçunun bombasının və cinayət ortaqlarının olub-olmamasını müəyyənləşdirmək.
Ekstrasensə müəyyən təlimatlar verildi. O, terrorçuya bildirməli idi ki, Azərbaycanda bu qədər xarici valyuta yoxdur, Moskvadan gətirirlər. Bunun üçün isə saat 11-ə kimi gözləmək lazımdır. Söhbət zamanı ekstrasens həm də özünün xüsusi bacarıqlarından istifadə edərək bomba və ortaq məsələsini aydınlaşdırmalı idi.
Ələ keçirilən Tu-134 təhlükəsizlik məqsədilə hava limanının uzaq küncündə saxlanılırdı. Tofiq Dadaşovu təyyarənin yanına KQB podpolkovniki Aleksandr Kuryanov xidməti maşınında apardı. Trapa yaxınlaşan Dadaşov elə aşağıdan Skokla danışmağa başlayır: terrorçu onun yuxarı qalxmasına razı olmur.
Özünü Azərbaycan XİN əməkdaşı kimi qələmə verən ekstrasens pullarla bağlı ona deyilən sözləri təkrar edir. Terrorçu gözləməyə razılıq verir. Təxminən iki dəqiqə çəkən ünsiyyətdən sonra Dadaşov Kuryanovun yanına qayıdır və deyir: “Onun nə bombası var, nə də yoldaşı. Get, həbs elə. Buna görə orden alarsan”. Təklif cəlbedici olsa da, antiterror əməliyyatı zamanı belə özfəaliyyət yolverilməzdir. Kuryanov Dadaşovla birlikdə əməliyyata rəhbərlik edən qərargaha qayıdırlar.
Burada ekstrasens gəldiyi nəticəni bölüşür. Alfa komandiri Karpuxin yenə də tərəddüd edir. Dadaşov təklif edir ki, təyyarədə adi sərnişin kimi oturan iki KQB əməkdaşı Skokla söhbətə başlasınlar və Ermənistanda baş verən zəlzələ üzündən SSRİ-nin maliyyəyə ehtiyacı olduğunu desinlər. Onun fikrincə, bu sözlər terrorçunu xəcalət çəkməyə sövq edəcək və o, siqaret yandıracaq. Bu zaman qollarından tutaraq təyyarədən çölə itələmək lazımdır. Əgər bomba çiynindəki çantadadırsa, partlayış çöldə baş verəcək.
Təklif qəbul olunur və radioəlaqə vasitəsilə heyətə ötürülür, heyət üzvləri də KQB əməkdaşlarına çatdırırlar. Hər şey Tofiq Dadaşovun dediyi kimi olur. SSRİ-də çox az adamda alışqan vardı, əksəriyyət kibritdən istifadə edirdi. Onu yandırmaq üçün isə hər iki əldən istifadə edilir. Skok da siqaretini yandırmaq istəyəndə KQB işçiləri onun qollarını burur və təyyarədən çölə itələyirlər. Heç bir partlayış baş vermir.
Hazır vəziyyətdə duran Alfa döyüşçüləri isə terrorçunun mümkün yoldaşlarını zərərsizləşdirmək üçün arxadan salona daxil olurlar. Amma məlum olur ki, heç bir yoldaş yoxdur və kimsə Skoka kömək etməyə hazırlaşmır. Bununla da əməliyyat vaqeəsiz başa çatır.
Terrorçunu zərərsizləşdirən KQB əməkdaşları “Qırmızı Ulduz” ordeni ilə, Tofiq Dadaşov da daxil olmaqla digərləri Fəxri fərmanla mükafatlandırılırlar. Stanislav Skok 8 il müddətinə azadlıqdan məhrum edilir. Amma cəmi bir il sonra həbs düşərgəsinin içində metal tullantıları yüklənmiş qatara minərək qaça bilir. Beş il saxta sənədlərlə yaşayır, 1994-cü ildə isə yenidən tutularaq, 9 il həbs cəzası alır.
***
Bu hadisə zamanı Stanislav Skokun bəxti çox gətirdi. Birincisi, sağ-salamat qurtuldu, halbuki öldürülə də bilərdi. İkincisi, istəyinə nail olmadı. Ondan təxminən ilyarım sonra Pakistana uçmaq istəyənlərin cəhdi daha uğurlu alındı. Hərçənd, o hadisəyə “uğur” sözünün nə qədər uyğun olduğunu mübahisələndirmək olar.
Yakutiyanın Neryunqri şəhərindəki müvəqqəti saxlama təcridxanasında saxlanılan 15 dustaq 1990-cı il avqustun 19-da Neryunqri-Yakutsk marşrutu ilə uçan Tu-154 sərnişin təyyarəsi ilə etap olunurdular. Onları üç konvoyçu müşayiət edirdi. Dustaqlar və konvoyla birlikdə təyyarədə 85 sərnişin və 7 heyət üzvü vardı.
Dustaqlar təcridxana mühafizəçisinin köməyi ilə lüləsi kəsilmiş tüfəng əldə edib təyyarəyə keçirmişdilər. Üstəlik, partlayıcı maddəyə oxşar bir şey (mulyaj) düzəltmişdilər.
Təyyarənin havaya qalxmasından təxminən 15 dəqiqə sonra dustaqlardan biri tüfəngi çıxarıb sərnişinlərə yönəltdi, digəri isə mulyajı çıxararaq partlatmaqla hədələdi. Konvoyçular tərkisilah edildilər, pilot kabinəsi də nəzarətə götürüldü. Pilotlardan geriyə qayıtmaq tələb olundu.
Neryunqridə yerə enəndən sonra dustaqlar təcridxanadan daha iki dustağın gətirilməsini, eləcə də silah, rasiya, bronjilet istədilər. Onların bütün şərtləri yerinə yetirildi. Əvəzində konvoyçuları, qadın və uşaqları azad etdilər. Altı dustaq da könüllü endi. Beləliklə, təyyarəni ələ keçirənlərin sayı 11 oldu.
Tu-154 saat 13:00-da yenidən havaya qalxdı. Əvvəlcə Krasnoyarskda, sonra (20:45-də) Daşkənddə endi. Burada onlar ölkədən çıxmağa şərait yaradılmasını tələb etdilər. Avqustun 20-də səhər havaya qalxan təyyarə Pakistana uçdu və Karaçi hava limanında endi. Təyyarə heyəti və 36 sərnişin tezliklə SSRİ-yə qaytarıldı. 11 nəfər isə Pakistanda qaldı.
Beləliklə, dustaqlar planladıqlarını uğurla həyata keçirib SSRİ-dən qaçdılar və… çox böyük xəta etdiklərini anladılar.
Hava terroruna qarşı sərt münasibət sərgiləyən Pakistan məhkəməsi onların hamısını edama məhkum etdi. İki nəfər intihar etdi, biri isə Pakistan həbsxanasının acınacaqlı vəziyyətinə dözməyərək istidən öldü. Digər 8 nəfərin cəzası ömürlük həbslə əvəzləndi. İndi onlar Pakistan hakimiyyətinə müraciət edib geri göndərilmələri üçün yalvarırdılar. Sovetin dəhşətli həbs düşərgələri Pakistan qazamatı ilə müqayisədə sanatoriya kimi xatırlanırdı. Amma pakistanlılar onların yalvarışlarına bir müddət məhəl qoymadılar.
SSRİ-nin süqutundan sonra Rusiya vətəndaşı olan 6 nəfər 1998-ci ildə, Ukrayna vətəndaşı olan 2 nəfər isə 2000-ci ildə ölkələrinə göndərildilər. Rusiyaya göndərilənlərə 15 il iş kəsildi, amma Pakistandakı həbs müddəti nəzərə alınmaqla bir müddət sonra azad edildilər. Ukraynaya göndərilənlər isə təqib olunmadılar.
Yadigar Sadıqlı





















