Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə ABŞ və İsrailin İrana qarşı davam edən hücumları nəticəsində 48 İran liderinin öldürüldüyünü açıqlayıb.
Tramp deyib: “Heç kim bizim uğurumuza inana bilməz. Bir zərbə ilə 48 lider sıradan çıxarılıb. Və bütün bunlar çox sürətlə baş verir”.
Daha sonra CNBC-yə verdiyi müsahibədə ABŞ prezidenti ABŞ-ın İrandakı əməliyyatının “qrafikdən qabaqda” olduğunu bildirib.
Xatırladaq ki, İsrail “Aslanın nəriltisi” əməliyyatının “ilk dəqiqələrində” 40 yüksək rütbəli İran komandirinin ölümü barədə məlumat vermişdi.
Daha əvvəl İranın Ali Lideri Ayətullah Əli Seyid Xameneinin vəfat etməsi barədə məlumat yayılmışdı.
İran həmçinin İİKK-nın (İslam İnqilabı Keşikçiləri Korpusu) quru qüvvələrinin komandanı Məhəmməd Pakpurun, İran Müdafiə Şurasının katibi Əli Şamxaninin, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Seyid Əbdülrəhim Musəvinin və İranın müdafiə və Silahlı Qüvvələrin Logistika naziri Əmir Nəsirzadənin ölümü barədə məlumat verib.





















