ABŞ Prezidenti Donald Tramp Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemi üçün tutucu raketlər istehsal etməsinə dair lisenziyanın verilməsi ilə bağlı hələ yekun qərar qəbul edilmədiyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, Tramp bu barədə Financial Times nəşrinə telefon müsahibəsində danışıb. O bildirib ki, Vaşinqton hazırda bu məsələni nəzərdən keçirir və yekun qərar hələ verilməyib.
“Bu, çox qeyri-adi bir silahdır və kimə lisenziya verdiyimiz məsələsində diqqətli olmalıyıq. Biz əslində avadanlığın özünü deyil, istehsal hüququnu qiymətləndiririk”, – deyə ABŞ prezidenti vurğulayıb.
Financial Times qeyd edir ki, bu açıqlama Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçirdiyi görüşdən cəmi iki gün sonra səsləndirilib. Həmin görüşdən sonra Zelenski tərəflərin “Patriot” raketlərinin istehsalı və digər müdafiə layihələrini müzakirə etdiyini bildirmişdi.
Donald Tramp müsahibəsində əsas məqsədinin Ukraynada müharibəyə son qoymaq olduğunu da vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoff yaxın günlərdə ilk dəfə Ukraynaya səfər edəcəklər.
“Sadə dillə desək, biz Ukraynada Rusiya ilə müharibənin başa çatmasını istəyirik. Mən raket yox, sülh axtarıram”, – deyə Tramp bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl NATO sammiti çərçivəsində ABŞ-ın Ukraynaya “Patriot” sistemləri üçün raket istehsalına lisenziya verməsini mümkün hesab etdiyini bildirmişdi. Prezident Volodimir Zelenski isə sonradan ABŞ-da “Lockheed Martin” və “Raytheon” şirkətlərinin nümayəndələri ilə bu məsələni müzakirə etdiyini və danışıqların davam etdiyini açıqlamışdı.





















