“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması Azərbaycanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi mövqeyini gücləndirə biləcək strateji təşəbbüslərdən biri kimi qiymətləndirilə bilər. Layihənin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılması ilə məhdudlaşmır. Onun Orta Dəhlizə inteqrasiyası ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat sistemlərinin qovşağındakı mövqeyini daha da möhkəmləndirə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Təbriz Yadigarov səsləndirib.
Onun sözlərinə görə, mövcud statistik məlumatlar Azərbaycanın tranzit potensialının artmaqda olduğunu göstərir.
“2024-cü ildə ölkənin nəqliyyat dəhlizləri ilə 33 milyon 258 min ton yük daşınaraq 324 milyon 366 min 900 manatlıq gəlir əldə edilib. Xüsusilə diqqətçəkən məqam Şimal-Cənub istiqamətində tranzit yüklərin 2023-cü ildəki 1 milyon 829 min 300 tondan 2024-cü ildə 2 milyon 240 min100 tona yüksəlməsi, yəni 22,4 faiz artmasıdır. Şimal-Qərb dəhlizində tranzit yükdaşımalar 2024-cü ildə əvvəlki ilə nisbətən 95 min 500 ton artaraq 5 milyon 984 min 900 ton, Cənub-Qərb dəhlizində isə 2023-cü illə müqayisədə tranzit daşımalar 141 min 300 ton artaraq 394 min 200 ton təşkil edib. Şərq–Qərb dəhlizi üzrə tranzit daşımaların həcmi 2024-cü ildə 10 milyon 220 min 900 ton təşkil edib. Son illərdə nəqliyyat növləri üzrə də müsbət struktur dəyişiklikləri müşahidə olunur. 2024-cü ildə dəmir yolu ilə yükdaşımalar 15 milyon 280 min tona, avtomobil nəqliyyatı ilə 10 milyon 900 min tona çatıb. Dəmir yolu ilə tranzit daşımaların həcmi bir il ərzində 6 milyon 540 min tondan 7 milyon 120 min tona yüksəlib. Bu, təxminən 8,9 faizlik artım deməkdir. Dəmir yolu daşımalarından əldə olunan gəlir də 349 milyon 600 min manatdan 362 milyon manata yüksəlib.
Bu istiqamətdə TRIPP Naxçıvanın coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirmək üçün yeni imkan yarada bilər. Coğrafi baxımdan, Türkiyə və İranla həmsərhəd olan Naxçıvanda logistika mərkəzlərinin, terminalların, anbar komplekslərinin və ixracyönümlü istehsal sahələrinin inkişafı tranzit yük axınlarından əlavə dəyər əldə edilməsinə şərait yaradar. TRIPP-in Orta Dəhlizlə inteqrasiyası isə Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa xəttinin şaxələnməsinə xidmət edə bilər. Beləliklə, TRIPP yalnız nəqliyyat layihəsi deyil, Naxçıvanın iqtisadi inteqrasiyasını sürətləndirən və Azərbaycanın Avrasiyanın əsas tranzit-logistika qovşaqlarından biri kimi mövqeyini gücləndirən geoiqtisadi imkan kimi dəyərləndirilə bilər”, – deyə o qeyd edib.





















