Son illərdə Türkiyə beynəlxalq münasibətlər sistemində təsir imkanlarını əhəmiyyətli dərəcədə artıraraq regional və qlobal diplomatiyada mühüm oyunçulardan birinə çevrilib. Müdafiə sənayesində əldə olunan nailiyyətlər, enerji siyasəti, vasitəçilik təşəbbüsləri və çoxşaxəli xarici siyasət Ankaranın beynəlxalq nüfuzunun güclənməsində əsas amillərdəndir.
Regionda güc mərkəzinə çevrilən Türkiyə bu dəfə qonşu İraqla mühüm razılaşmalar əldə etdi. Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əz-Zeydinin görüşü zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən üç mühüm əməkdaşlıq sənədi imzalandı.
Həmçinin müzakirələrdə Kərkük–Ceyhan neft kəmərinin fəaliyyəti, enerji ixracının artırılması və iki ölkə arasında enerji əlaqələrinin genişləndirilməsi məsələləri xüsusi diqqət çəkdi. Türkiyənin dövlət neft şirkəti TPAO-nun Kərkük neft yatağının işlənməsində iştirakı və gündəlik neft tədarükünün artırılması imkanları müzakirə olunan məsələlər sırasında yer aldı.
Bundan əlavə, Ankara və Bağdad təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, terrorizmlə mübarizə, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və infrastruktur layihələrinin inkişafı, eləcə də su ehtiyatlarının idarə olunması istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Sözsüz Türkiyə–İraq arasında əldə olunan yeni razılaşmalar iki ölkə arasındakı strateji tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə enerji və nəqliyyat layihələri Ankara ilə Bağdad arasında iqtisadi əlaqələrin daha da güclənməsinə və regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər.
Həmçinin Ankaranın enerji təhlükəsizliyi məsələsinə xüsusi önəm verməsi, güc balansın artmasının göztəricisidir. Elə bir neçə gün öncə də ABŞ prezidenti Donald Tramp Türkiyənin ən güclü tərəfdaş adlandırması əbəs deyildi.
ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ABŞ üçün “əsas tərəfdaşlardan biri” kimi xarakterizə etməsi beynəlxalq siyasi dairələrdə xüsusi maraqla qarşılandı.
Son onillikdə Türkiyə yalnız NATO üzvü kimi deyil, həm də Qafqaz, Qara dəniz, Balkanlar, Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiyada fəal diplomatik siyasət yürüdən dövlət kimi ön plana çıxıb.
Ankara eyni vaxtda həm Qərb ölkələri, həm türk dövlətləri, həm də Yaxın Şərq ölkələri ilə münasibətləri inkişaf etdirməyə çalışır. Bu çoxşaxəli diplomatik yanaşma Türkiyəyə müxtəlif regional böhranlarda vasitəçi rolunu oynamaq imkanı yaradıb.
Sözsüz ki, Türkiyənin beynəlxalq çəkisini artıran əsas amillərdən biri yerli müdafiə sənayesinin inkişafıdır.
Pilotsuz uçuş aparatları, hərbi gəmiqayırma, raket sistemləri və milli hərbi texnologiyaların istehsalı ölkənin müdafiə sahəsində xaricdən asılılığını azaltmaqla yanaşı, ixrac potensialını da artırıb.
Türkiyə bu gün müdafiə məhsullarını onlarla ölkəyə ixrac edən dövlətlər sırasında yer alır və bu sahə xarici siyasətin mühüm alətlərindən biri hesab edilir.
Türkiyə Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi sayəsində enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Təbii qaz və neft kəmərləri, beynəlxalq logistika marşrutları və yeni nəqliyyat layihələri Ankaranın regional iqtisadi təsir imkanlarını artırır.
Xüsusilə Orta Dəhliz layihəsi, Bakı–Tbilisi–Qars dəmir yolu və digər regional nəqliyyat xətləri Türkiyənin tranzit ölkə kimi rolunu gücləndirib.
Son illərdə Türkiyə müxtəlif beynəlxalq münaqişələrdə vasitəçi kimi çıxış edib.
Rusiya və Ukrayna arasında aparılan danışıqlar, Qara dəniz taxıl təşəbbüsü, Cənubi Qafqazda normallaşma prosesləri və Yaxın Şərqdə diplomatik təmaslar Ankaranın beynəlxalq platformalarda fəallığını artırıb.
Aydındır ki, bu siyasət Türkiyəyə həm Qərb, həm də region ölkələri ilə eyni vaxtda dialoq aparmaq imkanı verir.
Donald Trampın Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi müsbət fikirlər ABŞ-Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı müxtəlif şərhlərə səbəb olub.
Siyasi ekspertlərin fikrincə, Vaşinqton üçün Türkiyə NATO-nun cənub cinahında yerləşən mühüm müttəfiq, enerji marşrutlarının əsas iştirakçısı və Yaxın Şərq siyasətində vacib tərəfdaş olaraq qalır.
Bununla yanaşı, ABŞ və Türkiyə arasında Suriya, müdafiə sənayesi, təhlükəsizlik və regional siyasətlə bağlı fikir ayrılıqları da zaman-zaman gündəmə gəlir. Bu baxımdan ikitərəfli münasibətlər həm əməkdaşlıq, həm də fikir ayrılıqları elementlərini özündə birləşdirir.
Artıq həm ABŞ-da, həmdə Qərb ölkələrində anlayırlar ki, regionda baş verən hadisələr yalnız Ankara ilə müzakirə edilməlidir. Bu Türkiyənin beynəlxalq masada nüfuzunun göstəricisidir.
Qoşqar Salmanlı





















