1919-cu ildə Anadolu işğal təhlükəsi ilə üz-üzə qalanda, türk xalqı öz dövlətçiliyini qorumaq uğrunda ölüm-dirim mübarizəsinə başlayanda Azərbaycanın taleyi də bu mübarizədən ayrı deyildi. O zaman Azərbaycan türkləri Türkiyəyə uzaqdan rəğbət bəsləyən bir xalq kimi davranmadılar. Onlar Anadolunun mübarizəsini öz mübarizələri, Türkiyənin gələcəyini öz gələcəkləri hesab etdilər. Bu münasibət siyasi şüardan daha böyük məna daşıyırdı, bu münasibətin adı qardaşın dar günündə onun yanında olmaq məsuliyyəti idi.
Azərbaycanın Türkiyəyə yardımı ilk növbədə iqtisadi və maddi dəstək şəklində özünü göstərirdi. 1919-cu ildən 1922-ci ildə Böyük hücuma qədər Bakıdan Türkiyəyə vaqonlarla benzin, ağ neft və xam neft göndərilirdi. Göndərilməsi mümkün olmayan neft məhsulları satılır, əldə edilən vəsait Ankara hökumətinə çatdırılırdı. Bu, adi ticarət əməliyyatı deyildi. Müharibənin taleyinin yanacaqdan, nəqliyyatdan və hərbi təminatdan asılı olduğu bir dövrdə Azərbaycan öz imkanlarını Türkiyənin müqavimət hərəkatının xidmətinə verirdi.
Bakıda Kuvayi-Milliyəyə yardım məqsədilə keçirilən ianə kampaniyaları da xalqın bu mübarizəyə münasibətini aydın göstərirdi. Azərbaycan mətbuatı Anadoluya yardım çağırışları ilə çıxış edir, müharibədən zərər çəkən insanlara, valideynlərini itirmiş türk uşaqlarına və körpələrə dəstək üçün vəsait toplanırdı. İnsanlar qızıllarını, pullarını, imkanlarını qardaş xalqın gələcəyi naminə əsirgəmirdilər. Bu yardımların Kazım Qarabəkir paşa vasitəsilə Ankaraya çatdırılması Azərbaycanla Anadolu arasında qurulan həmrəyliyin təşkilatlanmış xarakter daşıdığını göstərirdi.

Azərbaycanın o dövrdəki rəhbərliyinin göstərdiyi siyasi iradə də xüsusi diqqətə layiqdir. Nəriman Nərimanovun Mustafa Kamal Atatürk hökumətinə göndərdiyi yardımlar Türkiyənin İstiqlal mübarizəsinin maddi təminatında mühüm yer tuturdu. Təqdim olunan məlumatlara görə, 1919–1922-ci illərdə Ankara hökumətinə mərhələli şəkildə 500 kiloqram külçə qızıl, 19 min Osmanlı qızıl sikkəsi, 1,5 milyon fransız frankı və 1 milyon ingilis funt sterlinqi göndərilmişdi. Bu rəqəmlərin arxasında yalnız dövlət səviyyəsində qəbul edilmiş qərarlar deyil, Azərbaycanın Türkiyənin müstəqilliyini öz milli mənafeyi ilə əlaqələndirən siyasi düşüncəsi dayanırdı.
Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə ünvanladığı məktubdakı sözlər isə bu münasibətin mənəvi mahiyyətini bir cümləyə sığdırırdı:“Paşam! Bizim türk millətində qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar”.
Bu ifadə diplomatik protokolun soyuq dilindən çox uzaqdır. Burada nə qarşılıq gözləntisi, nə siyasi hesab, nə də gələcəkdə ödənilməsi tələb olunan borc anlayışı var. Burada qardaşlıq var. Tarixin sınağı qarşısında bir millətin digərinə uzatdığı əl, ortaq köklərdən doğan sədaqət və mənəvi məsuliyyət var.
Ancaq Azərbaycanın Türkiyənin Qurtuluş savaşındakı xidmətini yalnız göndərilən neftin, qızılın və maliyyə vəsaitinin həcmi ilə qiymətləndirmək doğru olmazdı. Çünki bu qardaşlıq maddi yardımla məhdudlaşmadı. Azərbaycanlı könüllülər Anadoluya gəldilər, silaha sarıldılar və Türkiyənin istiqlalı uğrunda döyüş meydanında öz canlarını təhlükəyə atdılar.
Türkiyə Böyük Millət Məclisinin 8 iyul 1920-ci il tarixli iclasının stenoqramlarında İsmət İnönünün Azərbaycan hərbi qüvvələrinin milli müqavimət hərəkatına qoşulması barədə dedikləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İsmət İnönünün azərbaycanlı qardaşlarımızın bir alay şəklində mübarizəyə qatıldığını bildirməsi həmin dövrdə Azərbaycan könüllülərinin Türkiyənin hərbi müqavimətindəki yerini təsdiqləyən mühüm tarixi qeyddir. Baş Qərargahın arxiv sənədlərində də Azərbaycan könüllü zabitlərinin, əsgərlərinin və səhra toplarının Türkiyəyə göndərilməsi ilə bağlı məlumatların olması bu faktların araşdırılması üçün mühüm mənbədir.

Polkovnik-leytenant Səməd bəy Rəfibəyli, sonralar Türkiyədə Samet Sayğın adı ilə tanınan bu azərbaycanlı zabit, həmin mübarizənin yaddaşlarda qalan simalarından biridir. Təxminən 1200 nəfərlik Azərbaycan piyada və süvari alayının kiçik dəstələr şəklində, gizli yollarla İran ərazisindən keçərək Anadoluya çatması o dövrün mürəkkəb hərbi-siyasi şəraitində böyük fədakarlıq tələb edirdi. Bu qüvvələr Türkiyənin milli müqavimət ordusunun tərkibində döyüşərək müstəqillik mübarizəsinə töhfə verdilər. Onların arasında olan Səməd bəy Rəfibəyli sonradan Türkiyədə qaldı, hərbi xidmətini davam etdirdi və general rütbəsinə yüksəldi. Səməd bəy Rəfibəyli (Samet Sayğın) Türkiyədə general rütbəsi alan ilk azərbaycanlı idi. Qurtuluş savaşındakı xidmətlərinə görə İstiqlal medalı ilə təltif olunması onun Türkiyə tarixindəki yerinin rəsmi şəkildə də tanındığını göstərir.

Samet Sayğının taleyi Azərbaycan-Türkiyə qardaşlığının yalnız müharibə illərinə aid olmadığını nümayiş etdirir. O, Türkiyəni özünə ikinci vətən seçərək ömrünün sonunadək bu ölkənin ordusunda xidmət etdi. 1980-ci ildə İstanbulda vəfat edən azərbaycanlı generalın hərbi mərasimlə dəfn olunması Türkiyənin ona göstərdiyi ehtiramın ifadəsi idi. Onun həyatı iki ölkənin tarixinin bir-birinə necə qovuşduğunu göstərən canlı nümunələrdəndir.
Azərbaycan alayında döyüşən Cahangir Novruzov da Türkiyədə qalan və hərbi karyerasını burada davam etdirən zabitlərdən idi. Berker soyadını götürən Cahangir bəy general-mayor rütbəsinə qədər yüksəldi.

Şeyx Səid üsyanının yatırılmasında da iştirak edən bu azərbaycanlı zabitin Türkiyə hərb tarixində özünəməxsus yeri var. Hüseyn bəyin Türkiyə Hərbi Hava Qüvvələrində göstərdiyi xidmətlər də ayrıca diqqət çəkir. Turqut soyadını götürən bu zabit pilot hazırlığı sahəsində fərqlənmiş, Fransada təhsil almış və sonradan Türkiyə aviasiyası üçün yeni pilotların yetişdirilməsində iştirak etmişdi. Onun general-mayor rütbəsinə yüksəlməsi Azərbaycan əsilli hərbçilərin Türkiyə dövlətinin hərbi quruculuğuna verdiyi töhfənin başqa bir nümunəsidir.
Fəxrəddin Dariyal, Aslan Berkan, Məhəmməd Akpolat, Yusif Həzərli, Osman Kazak, Salih Aksoy və Vəli Yadigar kimi azərbaycanlı hərbçilərin adları da bu tarixi yaddaşın ayrılmaz hissəsidir. Onların bir qismi Türkiyə Silahlı Qüvvələrində uzun illər xidmət etmiş, polkovnik və general rütbələrinə qədər yüksəlmiş, bəziləri isə İstiqlal medalı ilə təltif olunmuşdu.
Bu insanların həyat yolu göstərir ki, Azərbaycan könüllülərinin Türkiyəyə gəlişi təsadüfi hərbi iştirak deyildi. Onlar Türkiyənin istiqlalını özlərinin də milli və mənəvi vəzifəsi hesab edirdilər.

Bu fədakarlığın ən ağrılı tərəfi isə şəhidlərimizin taleyidir. Çanaqqala savaşında 3 min, Qurtuluş savaşında isə 184 azərbaycanlının şəhid olduğu bildirilir. Bu rəqəmlər sadəcə statistik göstərici deyil. Hər birinin arxasında yarımçıq qalmış ömür, gözü yolda qalan ailə, Vətənindən uzaqda dəfn olunan bir insanın taleyi dayanır. Onlar Türkiyənin müstəqilliyi uğrunda döyüşərkən əslində ortaq tarixi və milli kimliyin müdafiəsinə qalxmışdılar. Azərbaycan torpaqlarından Anadoluya uzanan bu yolun sonunda bəziləri doğma yurda qayıda bilmədi.

Bu gün Azərbaycan və Türkiyə münasibətlərini ifadə edən “Bir millət, iki dövlət” şüarının tarixi köklərini məhz həmin illərdə axtarmaq lazımdır. Çünki bu fikir yalnız ortaq dilə, mədəniyyətə və etnik mənşəyə əsaslanmır. Onun arxasında qardaşının ən ağır günündə yanında olmaq, özünün də çətinliklər yaşadığı bir vaxtda əlində olanı onunla bölüşmək, lazım gəldikdə canını fəda etmək kimi sarsılmaz mənəvi dəyərlər dayanır.
Azərbaycanın Qurtuluş savaşına verdiyi dəstək Türkiyə tarixinin, Türkiyənin istiqlal mübarizəsi isə Azərbaycan tarixinin ayrılmaz səhifəsidir. Bu tarixi hadisələrə yalnız keçmişin qəhrəmanlıq xatirəsi kimi yanaşmaq kifayət deyil. Onlar bugünkü münasibətlərimizin mənəvi əsaslarını, gələcək nəsillər qarşısında daşıdığımız tarixi məsuliyyəti müəyyənləşdirir. Çünki qardaşlıq yalnız xoş günlərdə deyil, ən ağır sınaqlarda öz həqiqi mahiyyətini göstərir.
Anadolu işğal altında olanda Bakıdan göndərilən neft vaqonları, Ankaraya çatdırılan qızıl və pul, gizli yollarla Türkiyəyə gələn Azərbaycan əsgərləri, İzmirə daxil olan süvarilər və Türkiyə torpağında uyuyan azərbaycanlı şəhidlər bir həqiqəti təsdiqləyir. Azərbaycan Türkiyənin istiqlal mübarizəsində yalnız kənardan dəstək verən dost olmadı, bu mübarizənin iştirakçısına çevrildi. Türkiyənin azadlığı uğrunda tökülən Azərbaycan qanı isə iki xalqın qardaşlığını tarix qarşısında əbədi möhürlədi.
Bu gün həmin tarixi xatırlamaq keçmişə ehtiramdan daha böyük məna daşıyır. Bu, həm də qardaşlığın hansı fədakarlıqlar bahasına qurulduğunu anlamaq, onu qorumaq və gələcək nəsillərə həqiqi mahiyyəti ilə çatdırmaq deməkdir. Çünki bəzi dostluqlar müqavilələrlə başlayır, Azərbaycanla Türkiyənin qardaşlığı isə ortaq taledən, ortaq mübarizədən və ortaq şəhid qanından doğulub.





















