Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə Türkiyə sahibkarlarına məxsus mülki gəmilərə qarşı həyata keçirilən dron hücumunu qətiyyətlə pisləyib.
Korrekt.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilib ki, avqustun 3-də Novorossiysk limanını tərk etdikdən sonra Türkiyə sahibkarlarına məxsus “Yaşar” və Kamerun bayrağı altında üzən “Nadejda” adlı mülki gəmilər dron hücumuna məruz qalıb.
Hadisə nəticəsində dörd ekipaj üzvü xəsarət alıb. Yaralananlardan üçünün Türkiyə vətəndaşı olduğu bildirilib. Xarici İşlər Nazirliyi onların sağlamlıq vəziyyətini yaxından izlədiyini açıqlayıb.
Bəyanatda Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasının vacibliyi vurğulanaraq, bütün tərəflər vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırılıb.
İlkin məlumata görə, Rusiyaya meyvə-tərəvəz daşıyan “Nadejda” gəmisi Novorossiysk sahillərində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücum nəticəsində gəmidə yanğın baş verib.
Gəminin kapitanı hücumun altı və ya yeddi pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyini iddia edib. Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 22 nəfərdən ibarət ekipaj Rusiya hərbçiləri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunub.





















