image-1backend

Türkiyədə üç genişmiqyaslı əməliyyat: 112 şübhəli barəsində hüquqi tədbirlər görülüb

image-ads-728x90

Türkiyənin ədliyyə naziri Akın Gürlek ölkənin müxtəlif bölgələrində keçirilən üç genişmiqyaslı əməliyyat nəticəsində ümumilikdə 112 şübhəli barəsində hüquqi tədbirlərin görüldüyünü açıqlayıb.

Korrekt.az xəbər verir ki, nazirin sözlərinə görə, əməliyyatlar İstanbulda “Ahbaplar Cinayət Təşkilatı”, Ərzurumda Gülüstan Doku işi və Mersində qanunsuz mərc şəbəkələrinə qarşı həyata keçirilib.

Akın Gürlek sosial media hesabında bildirib ki, Daxili İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə ianə vəsaitlərindən sui-istifadə, açılmamış cinayət işləri və qanunsuz mərc şəbəkələrinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Nazirin açıqlamasına görə, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində əməliyyatın dördüncü mərhələsində 13 şübhəli saxlanılıb.

Bildirilib ki, istintaq zamanı mənzil və konteyner alqı-satqıları, şübhəli daşınmaz əmlak əməliyyatları, assosiasiya tərəfindən verilən çeklər, eləcə də maliyyə və kommersiya əlaqələri hərtərəfli araşdırılır.

Ərzurum Baş Prokurorluğunun koordinasiyası ilə Gülüstan Dokunun itkin düşməsi ilə bağlı istintaq çərçivəsində 15 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Məlumata görə, 21 ünvanda aparılan axtarışlar nəticəsində 18 şübhəli saxlanılıb. Əməliyyat istintaq zamanı bəzi hüquq-mühafizə orqanlarının əməkdaşlarının sübutlara müdaxilə etməsi ilə bağlı yaranmış şübhələr əsasında həyata keçirilib.

Mersin Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz mərc oyunları və çirkli pulların yuyulmasına qarşı keçirilən əməliyyat çərçivəsində isə 80 nəfər barəsində həbs qərarı çıxarılıb.

İstintaq zamanı şübhəlilərin bank hesabları, kriptovalyuta aktivləri və ödəniş sistemləri üzərindən ümumilikdə 20 milyard türk lirəsi həcmində maliyyə əməliyyatı həyata keçirdikləri müəyyən edilib.

Akın Gürlek əməliyyatlarda iştirak edən prokurorluq, polis və jandarma əməkdaşlarına təşəkkür edərək bildirib ki, dövlət cinayətkar qruplaşmalara qarşı mübarizəni qətiyyətlə davam etdirəcək.

Nazir vurğulayıb ki, vətəndaşların ianələrindən sui-istifadə edənlər, açılmamış cinayət işlərinin üstünü örtməyə çalışanlar və gənclərin gələcəyini qanunsuz mərc şəbəkələri ilə təhlükə altına alan şəxslər qanun qarşısında cavab verəcəklər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki