Türkiyənin Ege Universitetində xərçəng hüceyrələrini maqnitlə idarə olunan mikro və nanohissəciklər vasitəsilə məhv etməyi hədəfləyən yeni müalicə və görüntüləmə üsulu hazırlanıb. Layihə ilə bağlı patent müraciəti təqdim olunub.
Korrekt.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədqiqatı dosent Aylin Şendemir və alim Olcay Kaan Çakır tərəfindən həyata keçirilib. Layihə universitetin Biomateriallar və Üçölçülü Biointerfeyslər Laboratoriyasında (EBIOPHASE) hazırlanıb və patent prosesi Ege Universitetinin Elm və Texnologiya Tətbiqi və Araşdırma Mərkəzi tərəfindən dəstəklənir.
Xərçəng genetik və epigenetik mexanizmlərin pozulması nəticəsində hüceyrələrin nəzarətsiz çoxalması ilə xarakterizə olunur. Bu xəstəlik dünya üzrə ölümün əsas səbəblərindən biridir və müalicəsi uzunmüddətli, bahalı və çox vaxt ağır yan təsirlərlə müşayiət olunur. Mövcud kimyaterapiya və radioterapiya üsulları xərçəng hüceyrələri ilə yanaşı sağlam hüceyrələrə də zərər verə bilir.
Yeni layihə – Maqnit Antitümör Terapiyası (MAT) – alternativ və daha hədəfli yanaşma təklif edir.
Alimlərin sözlərinə görə, MAT çoxqatlı və xüsusi hazırlanmış mikro/nanohissəciklərə əsaslanır. Bu hissəciklər xərçəng hüceyrələrinə selektiv şəkildə bağlanır və onların daxilinə nüfuz edir. Daha sonra xaricdən tətbiq olunan maqnit vibrasiyası və infraqırmızı işıq vasitəsilə aktivləşdirilərək hüceyrənin mexaniki şəkildə parçalanmasına səbəb olur.
Olcay Kaan Çakır bildirib ki, bu üsul yalnız kimyəvi deyil, eyni zamanda mexaniki təsir mexanizminə əsaslanır:
“Xərçəng hüceyrəsi struktur olaraq mexaniki şəkildə dağıdılır. Bu isə onun müqavimət göstərmək və ya bərpa olunmaq imkanını əhəmiyyətli dərəcədə azaldır”.
Tədqiqatçılar qeyd edirlər ki, sistem xərçəng hüceyrələrini müəyyən molekulyar mexanizmlər vasitəsilə “aldadaraq” hissəcikləri öz daxilinə qəbul etməyə təşviq edir və nəticədə hüceyrə öz-özünü məhv prosesini işə salır.
Metodun əsas üstünlüyü sağlam hüceyrələrə zərərin minimuma endirilməsidir. Maqnit vibrasiyası və infraqırmızı aktivləşmə nəticəsində yalnız hədəflənmiş hüceyrələr məhv edilir. Bu isə saç tökülməsi kimi yan təsirlərin azalmasına səbəb ola bilər.
Araşdırma müəllifləri bildirirlər ki, sistem sümükdaxili toxumalar kimi çətin əldə olunan anatomik sahələrdə də tətbiq edilə bilər. Bu xüsusiyyət klassik üsullarla müdaxilənin çətin olduğu hallarda əlavə üstünlük yaradır.
Tədqiqatçıların fikrincə, texnologiya gələcəkdə B-hüceyrə limfomaları, leykemiya, çoxsaylı mieloma, ağciyər, döş, prostat, bağırsaq, mədəaltı vəzi, qaraciyər, mədə, yumurtalıq, sidik kisəsi xərçəngi, beyin şişləri və dəri xərçəngi kimi müxtəlif xəstəliklərdə tətbiq potensialına malikdir.
Lakin alimlər vurğulayırlar ki, hər bir xərçəng növü üçün ayrıca hədəfləmə və dozalama protokollarının hazırlanması tələb olunur. Eksperimental və klinik sınaqlar hələ başlamayıb və geniş tətbiqdən əvvəl bütün mərhələlər tamamlanmalıdır.
MAT sistemi yalnız müalicə deyil, həm də diaqnostika məqsədilə istifadə oluna bilər. Hissəciklərin şiş toxumasında selektiv toplanması onları kontrast maddə kimi istifadə etməyə imkan verir. Bu, maqnit rezonans əsaslı görüntüləmədə xərçəngli və sağlam toxumalar arasında daha aydın fərq yaratmağa kömək edə bilər.
Eyni zamanda, fotodinamik və flüoresan komponentlər sayəsində infraqırmızı (NIR) görüntüləmə də mümkün ola bilər ki, bu da xüsusilə cərrahi müdaxilə və biopsiya zamanı dəqiqliyi artırar.
Alimlərin sözlərinə görə, layihə az yan təsirli, yüksək dəqiqlikli və inteqrə olunmuş görüntüləmə imkanlarına malik patentləşdirilə bilən texnologiya platforması təqdim edir. Məqsəd həm müalicə effektivliyini artırmaq, həm də xəstələrin gündəlik həyata daha tez qayıtmasını təmin etməkdir.
Patent mərhələsində olan bu texnologiyanın klinik istifadəyə keçməsi üçün isə genişmiqyaslı eksperimental və klinik tədqiqatların aparılması zəruridir.





















