Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi layihəsi olan KIZILELMA daha bir mühüm mərhələni geridə qoyub. Platformanın daxili silah stansiyalarından sursat buraxılışı ilə bağlı sınaqlar uğurla həyata keçirilib.
Korrekt.az xəbər verir ki, sınaqlar zamanı KIZILELMA-nın daxili bölmələrindən TEBER-82 və TOLUN sursatlarının uğurla atıldığı bildirilib. Bu imkan pilotsuz döyüş təyyarəsinin taktiki və əməliyyat qabiliyyətlərini əhəmiyyətli dərəcədə artıran mühüm texnoloji üstünlük kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, daxili silah bölmələrindən sursat istifadəsi beşinci nəsil döyüş təyyarələrinin əsas xüsusiyyətlərindən biridir. Xarici asqılarda yerləşdirilən sursatlar təyyarənin radar görünürlüğünü artırdığı və aerodinamik göstəricilərinə təsir etdiyi halda, daxili stansiyalar bu mənfi amilləri azaltmağa imkan verir.
Müdafiə sənayesi üzrə ekspert Əhməd Ələmdar bildirib ki, KIZILELMA-nın bu qabiliyyəti platformaya daha yüksək gizlilik və döyüş effektivliyi qazandırır. Onun sözlərinə görə, daxili silah yerləşdirməsi sayəsində təyyarənin radar izinin azalması ilə yanaşı, onun aşkarlanma ehtimalı da aşağı düşür.
Ekspert qeyd edib ki, KIZILELMA infraqırmızı axtarış və izləmə (IRST) sistemləri kimi qabaqcıl texnologiyalarla birlikdə düşməni aşkar etmə və zərbə endirmə imkanlarını artırır.
Bildirilib ki, bu sınaq təkcə yeni sursat inteqrasiyası deyil, həm də Türkiyənin yeni nəsil pilotsuz döyüş aviasiyası sahəsində mühüm texnoloji mərhələyə çatdığını göstərir.
KIZILELMA üçün ASELSAN tərəfindən hazırlanan çoxlu sursat daşıma imkanına malik buraxılış sisteminin də mühüm rol oynadığı vurğulanır. Bu sistem sayəsində platformanın bir uçuşda daha çox sursat daşımaq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Mütəxəssislər hesab edirlər ki, gələcək mərhələlərdə KIZILELMA-nın hava-hava raketləri ilə də təchiz olunması mümkündür. Bu isə platformanın strateji imkanlarını daha da artıracaq.
Qeyd edək ki, BAYKAR tərəfindən hazırlanan KIZILELMA Türkiyənin müdafiə sənayesinin ən mühüm layihələrindən biri hesab olunur. Layihəyə beynəlxalq marağın artdığı və müxtəlif ölkələrin bu platforma ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi bildirilir.





















