Gələcəkdə mümkün qlobal münaqişə əvvəlki dünya müharibələrindən fərqli xarakter daşıya bilər. Korrekt.az xəbər verir ki, bu barədə yazıçı və siyasi strateq Nikolay Qastellonun hazırladığı analitik məqalədə qeyd olunur.
Müəllifin fikrincə, müasir döyüş meydanında pilotsuz uçuş aparatlarının (PUA), süni intellektin, peyk sistemlərinin və digər pilotsuz texnologiyaların rolu sürətlə artır. Bu isə ənənəvi hərbi taktikalara, o cümlədən tank və artilleriya qüvvələrinin tətbiqinə ciddi təsir göstərir.
Məqalədə bildirilir ki, NATO-nun Baltikyanı ölkələrə mümkün Rusiya hücumu ssenarisi üzrə hazırladığı müdafiə konsepsiyası müasir müharibənin dəyişən xarakterini nümayiş etdirir. Müəllif hesab edir ki, sənədin ictimaiyyətə açıqlanması həm də alyansın yeni tipli müharibəyə hazırlaşdığı barədə mesaj xarakteri daşıya bilər.
Qastellonun qənaətinə görə, gələcək münaqişələrdə insan hərbçilərinin sayı azala, onların əsasən elit və xüsusi təyinatlı bölmələrdə cəmləşməsi mümkündür. Döyüş meydanının böyük hissəsində isə müxtəlif robotlaşdırılmış və uzaqdan idarə olunan sistemlərdən istifadə edilə bilər.
Analitik yazıda dronların müasir müharibənin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirdiyi vurğulanır. Müəllif qeyd edir ki, bir neçə il əvvəl tanklar quru əməliyyatlarının əsas vasitələrindən biri hesab edilsə də, hazırda PUA-ların geniş istifadəsi zirehli texnikanın döyüş meydanında hərəkət imkanlarını məhdudlaşdırır.
Məqalədə gələcək müharibələrin iqtisadi tərəfinin də dəyişə biləcəyi bildirilir. Müəllifin fikrincə, nisbətən ucuz və sürətlə istehsal edilə bilən pilotsuz sistemlərin geniş tətbiqi böyük hərbi sənaye komplekslərinə və kütləvi səfərbərliyə olan ehtiyacı müəyyən qədər azalda bilər.
Bundan başqa, enerji infrastrukturu da mümkün münaqişələrdə əsas hədəflərdən birinə çevrilə bilər. Yazıda qeyd olunur ki, elektrik enerjisinin ötürülməsi sistemlərinə zərər vurulması bütöv hərbi və sənaye infrastrukturunun fəaliyyətinə təsir göstərə bilər.
Müəllif hesab edir ki, mümkün “Üçüncü Dünya müharibəsi” əvvəlki dünya müharibələri kimi milyonlarla əsgərin genişmiqyaslı cəbhə xəttində döyüşməsi formasında baş verməyə bilər.




















