Ukrayna Rusiyanın idarəolunan aviasiya bombalarına (KAB) qarşı yeni silah sistemi hazırlayıb. “The Telegraph” nəşrinin məlumatına görə, “Ekvalayzer” adlanan bu sistem 17 ay ərzində hazırlanıb və Kiyev artıq bu sahədə Qərb müttəfiqlərindən asılı qalmaq istəmir.
Məlumata əsasən, müharibə müddətində Rusiya tərəfindən istifadə edilən KAB-lar cəbhə xəttində ən dağıdıcı silahlardan biri hesab olunurdu. Bu bombalar Sovet dövründən qalan sursatların ucuz istiqamətləndirmə sistemləri ilə təkmilləşdirilməsi nəticəsində yüksək dəqiqlikli silahlara çevrilib. Onların əsas üstünlüyü isə Rusiya hava məkanından buraxılması və Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz olmasıdır.
“The Telegraph” qeyd edir ki, üç il ərzində Ukraynanın bu silahlara qarşı effektiv cavabı olmayıb və bu da ciddi itkilərə səbəb olub.
Lakin vəziyyət dəyişir. “Ekvalayzer” Ukraynanın arsenalına əlavə olunan ən mühüm sistemlərdən biri hesab olunur. Ekspertlərin fikrincə, bu, Kiyevin artıq yalnız xarici dəstəyə güvənmək niyyətində olmadığını göstərir.
Chatham House analitiki Keyr Cayls bildirib ki, Ukrayna faktiki olaraq ABŞ-ın təqdim etmədiyi zərbə imkanlarını özü yaradır və istifadə edir:
“Uzun müddət Rusiyanın bu bombalarına qarşı demək olar ki, heç bir müdafiə yox idi. İndi isə Ukrayna oxşar imkanlar inkişaf etdirir və bu, Rusiya qüvvələrinin geri çəkilməsini sürətləndirə bilər.”
Məlumata görə, “Ekvalayzer” Ukraynanın mövcud qırıcı təyyarələri, o cümlədən F-16 və Mirage ilə uyğunlaşdırılıb. Lakin bu platformalarda tam istifadəsi üçün əlavə sertifikatlaşdırma tələb olunur.
Kral Birləşmiş Xidmətlər İnstitutunun analitiki Kristof Berqs bildirib ki, yeni sistem Ukraynaya daha geniş imkanlar yaradır:
“Bu silah dronların çata bilmədiyi hədəfləri vurmağa imkan verir. Xüsusilə möhkəmləndirilmiş mövqelər və komanda məntəqələri üçün effektivdir.”
Bununla belə, Ukraynanın imkanları məhdud qalır. Hərbi analitik Robert Tollast qeyd edib ki, Ukrayna Hərbi Hava Qüvvələrinin ölçüsü və imkanları hələ də kifayət qədər geniş deyil. Ukrayna təyyarələri Rusiya qırıcılarından yayınmaq üçün aşağı hündürlükdə uçmağa məcbur olur ki, bu da bombaların uçuş məsafəsini azaldır.
Qeyd edək ki, Rusiya KAB-ları adətən 6000–7000 metr yüksəklikdən buraxır və bu da onların maksimal məsafə və dəqiqliklə hədəfə çatmasına imkan verir.
Nəşr vurğulayır ki, “Ekvalayzer” müharibənin gedişatını təkbaşına dəyişməsə də, Ukraynanın hərbi imkanlarını gücləndirən mühüm amildir. Ekspertlərin fikrincə, müharibədə üstünlük qazanmaq üçün düşmən üzərində davamlı təzyiq yaratmaq əsas şərtdir.
Xatırladaq ki, Ukrayna daha əvvəl də yerli istehsal olan idarəolunan sürüşmə bombası hazırladığını açıqlamışdı. DG Industry şirkətinin məlumatına görə, bu silah Qərb analoqları ilə müqayisədə daha ucuz başa gəlir.





















