image-1backend

Ukraynadan Rusiyaya sarsıdıcı zərbə: 15 milyon dollarlıq kompleks belə  məhv edildi

image-ads-728x90

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) müvəqqəti işğal altında olan Krımda Rusiyaya məxsus təxminən 15 milyon ABŞ dolları dəyərində “Pantsir-S1” zenit-raket və artilleriya kompleksinin məhv edildiyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, əməliyyat GUR-un xüsusi təyinatlı 13-cü Qrup bölməsi tərəfindən həyata keçirilib. Bildirilir ki, zərbə nəticəsində “Pantsir-S1” hava hücumundan müdafiə sistemi ilə yanaşı, bir hərbi kran da sıradan çıxarılıb.

Açıqlamada qeyd olunub ki, əməliyyat zamanı işğalçı qüvvələrin yerüstü hədəflərini vurmaq üçün FPV pilotsuz uçuş aparatlarını daşıyan “Magura” çoxfunksiyalı dəniz platformalarından istifadə edilib. Ukrayna tərəfi məhv edilən “Pantsir-S1” kompleksinin təxminən 15 milyon dollar dəyərində olduğunu bildirib.

GUR-un məlumatına görə, “Magura” platformaları artıq yalnız dənizdə deyil, quruda yerləşən hərbi hədəflərə qarşı da effektiv şəkildə tətbiq olunur.

Bundan əvvəl Ukrayna kəşfiyyatı Krımda Rusiyaya məxsus “Podlet” radar idarəetmə sistemi və “Parol-4” radar sorğu cihazının da məhv edildiyini açıqlamışdı. Bildirilir ki, həmin əməliyyatlarda da FPV dronları daşıyan “Magura” dəniz platformalarından istifadə olunub.

Qeyd edək ki, Ukrayna tərəfinin səsləndirdiyi bu məlumatlar Rusiya tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki