Hizbullahın Tehrandakı nümayəndəsi Seyid Abdullah Səfiəddin İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.
Korrekt.az xəbər verir ki, görüş zamanı bölgədə və dünyada baş verən son siyasi və təhlükəsizlik prosesləri ətrafında fikir mübadiləsi aparılıb. Seyid Abdullah Səfiəddin Livan, Hizbullah və “müqavimət oxu”nda mövcud vəziyyət barədə məlumat verərək bildirib ki, Hizbullah hazırda əvvəlkindən daha güclüdür. Onun sözlərinə görə, təşkilat Livanın ərazi bütövlüyünü və xalqını müdafiə etməyə tam hazırdır və heç bir halda silahını yerə qoymaq niyyətində deyil.
Əli Əkbər Vilayəti isə Hizbullahın bölgədəki strateji roluna diqqət çəkib. O vurğulayıb ki, Hizbullah “müqavimət cəbhəsi”nin əsas sütunlarından biridir. Vilayətinin sözlərinə görə, İran ali rəhbər Əli Xameneyinin rəhbərliyi və göstərişləri əsasında müqavimətin ön cəbhəsində yer alan Hizbullahı qətiyyətlə dəstəkləməyə davam edəcək.
Görüşdə tərəflər regional proseslər və gələcək perspektivlər ətrafında da fikir mübadiləsi aparıblar.





















