Dubayın 27 yaşlı daşınmaz əmlak maqnatı Abbas Sacvani 348 fut (təxminən 106 metr) uzunluğunda, təxminən 250 milyon dollar dəyərində olan “Amadea” superyaxtasını yalnız dəbdəbə simvolu kimi deyil, həm də biznesini idarə etdiyi üzən ofis kimi istifadə edir.
Korrekt.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumart yayıb.
İyunun əvvəlində, Monako Qran-prisi başlamazdan iki gün əvvəl Sacvani qızıl liftlə yaxtanın əsas göyərtəsinə çıxır. O, bu yaxtanı ötən ilin sentyabrında ABŞ hökumətinin keçirdiyi məxfi hərracda alıb. Gəmi üç il əvvəl ABŞ tərəfindən sanksiyalara məruz qalan rusiyalı oliqarx Süleyman Kərimovdan müsadirə edilmişdi.
Monako sahillərində lövbər salmış yaxtanın interyeri tik ağacından işlənmiş divarlar, Yunanıstanın Tasos adasından gətirilmiş mərmərdən hazırlanmış bar və Fransanın qədim Pleyel şirkətinin xüsusi sifarişi ilə istehsal etdiyi əl işi royal piano ilə seçilir.
Arxa planda Aralıq dənizi və Monako panoraması görünən göyərtədə jurnalistlə söhbət edən Sacvani diqqəti son biznes sövdələşməsinə yönəldib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi AHS Properties şirkəti may ayının sonunda Dubaydakı Shangri-La otelini 300 milyon dollara satın alıb.
“Mayın sonunda “Shangri-La”nı 300 milyon dollara aldıq. Bu, mənim Dubay bazarına olan şəxsi inamımı və etimadımı göstərir”, – deyə Sacvani bildirib.
Xatırladaq ki, Süleyman Kərimov Rusiyanın “Bank VTB”, “Qazprombank” banklarının səhmdarlarından biridir.PostMedia






















