İran həftəsonu Fars körfəzi ölkələrinə qarşı yüzlərlə pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirib. Nəticədə ABŞ hərbi bazalarına və kritik infrastruktura ziyan dəydiyi, regionun hava hücumundan müdafiə sistemləri üçün ciddi təhdid yarandığı bildirilir.
Korrekt.az xəbər verir ki, The Wall Street Journal yazır ki, Tehran bu hücumlarda Rusiyanın Ukraynada tətbiq etdiyi taktikanı təkrarlayır. Məqsəd əsas infrastruktur obyektlərini hədəfə almaqla qarşı tərəfi psixoloji baxımdan yormaq və eyni zamanda iqtisadi zərər vurmaqdır.
Qəzetin təhlilinə görə, İranın istifadə etdiyi zərbə dronları kiçik ölçülü, ələ keçirilməsi çətin və istehsalı nisbətən ucuzdur. Onlar minlərlə raket qədər fiziki dağıntı yaratmasa da, mülki hava limanları, dəniz limanları və digər strateji obyektlərə effektiv zərbələr endirə bilir. İranın bəzi hallarda çoxsaylı PUA-lardan və ya PUA-raket kombinasiyasından istifadə etməklə hava hücumundan müdafiə sistemlərini yükləməyə çalışdığı bildirilir.
Məlumata görə, İran pilotsuz aparatlarla ABŞ-ın Bəhreyndəki hərbi-dəniz bazasını, Əbu-Dabi və Küveytdəki hava limanlarını, Dubay və Bəhreyndə hündürmərtəbəli binaları, həmçinin dəniz limanlarını hədəfə alıb. BƏƏ-də azı üç, Omanda isə bir nəfərin həlak olduğu qeyd olunur.
Hücumların qlobal nəqliyyat sistemində ciddi qarışıqlıq yaratdığı və neft qiymətlərinin kəskin artmasına səbəb olduğu vurğulanır. Analitiklərin fikrincə, Tehran qlobal iqtisadiyyatın həssas nöqtələrinə zərbə endirməklə münaqişəni beynəlmiləlləşdirməyə və ABŞ-ın regiondakı müttəfiqlərinə təzyiq göstərməyə çalışır.
Rəsmi açıqlamalara əsasən, İran indiyədək BƏƏ-yə 541, Küveytə 283, Bəhreynə doqquz müxtəlif PUA və 136 “Şahed” tipli dron, Qətərə 12, İordaniyaya isə onlarla pilotsuz aparat buraxıb. Bundan əlavə, bu ölkələrə yüzlərlə raket atıldığı bildirilir. İsrail isə 50-dən çox İran PUA-sını ələ keçirdiyini açıqlayıb.
Nəşr qeyd edir ki, Ukrayna Rusiyanın “Şahed” tipli dron hücumlarına qarşı mübarizədə müəyyən təcrübə formalaşdırıb. Bildirilir ki, Kiyev ucuz və çevik vasitələrdən istifadə etməklə PUA-ların aşkarlanması və məhv edilməsi sahəsində effektiv mexanizmlər qurub.
Ekspertlər hesab edirlər ki, Fars körfəzi ölkələri də zamanla daha effektiv çoxsəviyyəli müdafiə sistemləri formalaşdıra bilər. Bunun üçün kəşfiyyat məlumatlarının mübadiləsi və hava hücumundan müdafiə imkanlarının koordinasiyası vacib sayılır.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer ölkəsinin Fars körfəzi dövlətlərinə İran dronlarının zərərsizləşdirilməsi məsələsində dəstək verəcəyini bildirmişdi.
Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa ölkələrinə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində yardım göstərməyə hazır olduqlarını bəyan edib.





















