Havaların istiləşməsi ilə uşaqlar arasında bəzi infeksion xəstəliklərə yoluxma halları artır. Ürəkbulanma, qusma, qarın ağrısı, qızdırma və ishal kimi əlamətlərlə özünü göstərən bu xəstəliklər xüsusilə azyaşlılar üçün təhlükəli ola bilər. Mütəxəssislər hesab edir ki, gigiyena qaydalarına riayət etməklə və bəzi sadə tədbirlər görməklə yoluxma riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Bəs yay aylarında ən çox hansı xəstəliklər yayılır və valideynlər nələrə diqqət etməlidirlər?

Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Yay aylarında uşaqlarda ürəkbulanma, qusma, qarın sancıları və bəzən qızdırma ilə müşayiət olunan xəstəliklərə daha tez-tez rast gəlinir. Bunun əsas səbəblərindən biri xüsusilə virus mənşəli mədə-bağırsaq infeksiyalarının yayda daha da aktivləşməsidir. Diareya və qusma kimi simptomlarla özünü büruzə verən bu yoluxucu xəstəliklər mövsüm ərzində geniş yayılır”.
Pediatr qeyd edib ki, digər bir amil isə yay aylarında rasiona daxil edilən bəzi meyvə-tərəvəzlərin tərkibindəki gübrə və kimyəvi maddələrin yüksək olmasıdır ki, bu da uşaqlarda kəskin qusma və diareya hallarına yol aça bilir:
“Belə hallarda əsasən, simptomatik müalicə aparılır. Əgər ishal və qusma halları çoxdursa, temperatur varsa, mütləq həkimə müraciət etmək lazımdır. Bunun qarşısını almaq üçün isə ilk növbədə gigiyena tədbirlərinə riayət olunmalıdır. Yəni meyvə-tərəvəzlər yaxşı yuyulmalı, uşaqların əlləri tez-tez təmizlənməlidir. Çünki yay aylarında uşaqlar çöldə daha çox vaxt keçirirlər və çirkli əllərlə qida qəbul edilməsi bu cür simptomların yaranmasına, hətta bəzi xəstəliklərə yoluxmağa səbəb ola bilər. Ona görə də birinci qayda gigiyenadır. Əgər qeyd etdiyim kimi əlamətlər varsa, mütləq həkimə müraciət olunmalı və müalicə simptomatik davam etdirilməlidir. Bunun qarşısını almaq üçün isə gigiyenik qaydalara riayət edilməlidir. Yay aylarında uşaqların qida rasionuna mövsümi meyvə və tərəvəzlərin daxil edilməsi, günəş vannalarından düzgün istifadə olunması və kifayət qədər su qəbul etməsi immun sisteminin güclənməsinə müsbət təsir göstərir”.





















