image-1backend

100 milyard dollara HƏSRƏT QALAN İRAN – Gizli SƏRVƏTİN XƏRİTƏSİ

image-ads-728x90

İranın xarici ölkələrdə yerləşən və uzun illərdir istifadə edə bilmədiyi milyardlarla dollarlıq vəsaiti yenidən diqqət mərkəzinə gəlib. Bu vəsaitlərin taleyi ölkənin iqtisadi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Korrekt.az hurriyet.com-a istinadən xəbər verir ki, Tehran rəhbərliyi müxtəlif ölkələrdə dondurulmuş aktivlərinin ümumi həcminin ən azı 100 milyard dollar olduğunu iddia etsə də, beynəlxalq ekspertlər bu rəqəmin daha aşağı ola biləcəyini bildirirlər.

İran İslam İnqilabından sonra yaranan siyasi və iqtisadi gərginliklər səbəbindən ölkəyə məxsus bəzi aktivlər onilliklərdir dondurulmuş vəziyyətdə qalır. Dondurulmuş aktivlər dedikdə, dövlətin, şirkətin və ya şəxsin mülkiyyətində olan, lakin hüquqi, siyasi və ya iqtisadi səbəblərə görə istifadə edilə bilməyən pul vəsaitləri, qızıl ehtiyatları, investisiya fondları, bank depozitləri və digər maliyyə resursları nəzərdə tutulur.

Hazırda bloklanmış vəsaitlərin böyük hissəsi İranın son illərdə neft ixracından əldə etdiyi gəlirlərdən ibarətdir. Xüsusilə Çin, Hindistan, Cənubi Koreya və Yaponiya kimi Asiya ölkələrinə satılan neftin müqabilində ödənilməli olan milyardlarla dollar ABŞ sanksiyaları səbəbindən İranın sərəncamına verilmir.

Bu vəziyyətin əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə atılan addımlar olub. Tramp administrasiyası Prezident Barak Obama dövründə imzalanmış İran nüvə sazişindən çıxaraq Tehrana qarşı genişmiqyaslı iqtisadi sanksiyaları yenidən tətbiq etmişdi. Nəticədə İranın neft gəlirlərinin əhəmiyyətli hissəsi beynəlxalq bank sistemində bloklanıb.

Tehranın 100 milyard dollar iddiası nə dərəcədə realdır?

Saklı servet haritası açığa çıktı: İranın milyarları Yıllardır kullanamıyorlar, şimdi ne olacak

İran Araşdırmaları Mərkəzinin (İRAM) əməkdaşı Oral Toğa hesab edir ki, rəqəmlər arasındakı fərq yalnız şişirtmə ilə bağlı deyil, əsasən anlayış fərqindən qaynaqlanır:

“Xarici banklardakı neft gəlirləri, Mərkəzi Bankın ehtiyatları, Çin, İraq və Hindistanın enerji borcları, köhnə daşınmaz əmlaklar və uzun illərdən bəri mövcud olan maliyyə tələbləri eyni kateqoriyada təqdim edilir. Ekspertlər isə bunları ayrı-ayrılıqda qiymətləndirirlər. Bəzi vəsaitlər sanksiyalarla bloklanıb, bəziləri texniki olaraq İrana məxsus olsa da istifadə edilə bilmir, digərləri isə ümumiyyətlə ödənilməmiş kommersiya borclarıdır. Üstəlik, eyni vəsait müxtəlif siyahılarda bir neçə dəfə göstərilir”.

Onun sözlərinə görə, bu rəqəmlər həm beynəlxalq danışıqlarda təzyiq vasitəsi, həm də daxili siyasətdə istifadə olunan arqumentdir.

Tehranın ilk hədəfi – 24 milyard dollar

Saklı servet haritası açığa çıktı: İranın milyarları Yıllardır kullanamıyorlar, şimdi ne olacak

İran rəhbərliyi ilkin mərhələdə xaricdəki təxminən 24 milyard dollarlıq aktivlərin mərhələli şəkildə azad edilməsinə nail olmağa çalışır. İqtisadi çətinliklərlə üzləşən ölkə üçün bu vəsaitlər valyuta ehtiyatlarının artırılması və maliyyə təzyiqlərinin azaldılması baxımından böyük əhəmiyyət daşıyır.

Oral Toğa bildirir ki, qısamüddətli perspektivdə bu vəsaitlərin iqtisadiyyata müəyyən müsbət təsiri ola bilər:

“İran Mərkəzi Bankının nominal ehtiyatları təxminən 34 milyard dollar səviyyəsindədir və əlçatan hissəsi bundan da azdır. Belə şəraitdə 12-24 milyard dollarlıq əlavə valyuta axını Mərkəzi Banka nəfəs almaq imkanı verər, rialın məzənnəsini müəyyən qədər sabitləşdirər. Lakin əsas məsələ pulun özü deyil, siyasi razılaşmanın əldə olunmasıdır. Gərginliyin azalması, Hörmüz boğazında vəziyyətin sabitləşməsi və neft satışına qoyulan məhdudiyyətlərin yumşaldılması daha həlledici amillərdir”.

Ekspert qeyd edir ki, İranda inflyasiya təxminən 40 faiz səviyyəsindədir və bunun əsas səbəbi büdcə kəsirinin pul emissiyası hesabına maliyyələşdirilməsidir. Onun fikrincə, birdəfəlik valyuta axını inflyasiyanı qısa müddətə zəiflədə bilər, lakin problemin köklərini həll etməyəcək.

Ən böyük vəsait Çindədir

Müxtəlif qiymətləndirmələrə görə, İranın xaricdəki dondurulmuş aktivlərinin ən böyük hissəsi Çində yerləşir. Bu vəsaitlərin həcmi 20 milyard dollardan 50 milyard dollara qədər qiymətləndirilir.

Çin uzun illər İran neftinin əsas alıcılarından biri olub. ABŞ sanksiyalarına baxmayaraq, beynəlxalq media məlumatlarına görə, Pekin İran neftinin alışını tam dayandırmayıb. Bununla belə, həmin vəsaitlərin böyük hissəsi yalnız avadanlıq, sənaye məhsulları və ehtiyat hissələrinin alınmasına yönəldilə bilir. Pulların sərbəst şəkildə İran iqtisadiyyatına köçürülməsi isə mümkün deyil.

Saklı servet haritası açığa çıktı: İranın milyarları Yıllardır kullanamıyorlar, şimdi ne olacak

İraqda 15 milyard dollarlıq borc

İranın bloklanmış vəsaitlərinin mühüm hissəsi də İraqda yerləşir. İddialara görə, söhbət təxminən 15 milyard dollardan gedir.

İraq uzun illərdir İrandan elektrik enerjisi və təbii qaz alır. Lakin ABŞ sanksiyaları səbəbindən Bağdadın Tehrana etməli olduğu ödənişlərin əhəmiyyətli hissəsi bloklanıb.

Hindistanda milyardlarla dollar

Hindistan da İranın dondurulmuş aktivlərinin yerləşdiyi əsas ölkələrdən biridir. ABŞ-ın 2018-ci ildə nüvə sazişindən çıxmasından əvvəl Hindistan İran neftinin ikinci ən böyük alıcısı hesab olunurdu.

Sanksiyaların bərpasından sonra Hindistan bankları İran nefti üçün ödənişləri dayandırdı və nəticədə təxminən 7 milyard dollarlıq vəsait bloklandı. Yeni Dehli ABŞ maliyyə sisteminə çıxışını riskə atmamaq üçün sanksiyalara əsasən əməl etməyə üstünlük verdi.

Cənubi Koreyadakı 7 milyard dolların taleyi

İranın xaricdəki aktivləri arasında ən çox diqqət çəkən nümunələrdən biri də Cənubi Koreyada yerləşən fondlardır. Məlumatlara görə, burada təxminən 7 milyard dollar həcmində İran vəsaiti toplanmışdı.

Sonradan bu vəsaitlərin böyük hissəsi ABŞ və İran arasında həyata keçirilən məhbus mübadiləsi razılaşması çərçivəsində başqa mexanizmə keçirildi. Pullar əsasən Qətərə köçürüldü və onların istifadəsi beynəlxalq nəzarət altında saxlanıldı.

Digər ölkələrdəki vəsaitlər

İddialara görə, İranın Yaponiya, Oman, Lüksemburq və hətta ABŞ-da da müxtəlif maliyyə aktivləri mövcuddur. Bu ölkələrdəki vəsaitlərin ümumi həcmi təxminən 8 milyard dollar qiymətləndirilir.

Oral Toğanın sözlərinə görə, Çin, İraq və Hindistan kimi ölkələr əsasən ödəniş etməyə hazırdırlar. Lakin onların bankları ABŞ Maliyyə Nazirliyinin sanksiyalarından çəkinir və dollar sistemindən kənarlaşdırılmaq riski ilə üzləşmək istəmirlər.

Ekspert hesab edir ki, yaxın gələcəkdə bütün vəsaitlərin birdəfəlik azad olunması real görünmür. Onun fikrincə, daha çox müəyyən hissələrin mərhələli şəkildə istifadəyə verilməsi və xüsusi güzəşt mexanizmlərinin tətbiqi ehtimalı yüksəkdir.

Beləliklə, İranın xaricdəki milyardlarla dollarlıq aktivləri hələ də qlobal siyasi və iqtisadi mübarizənin mühüm elementlərindən biri olaraq qalır. Bu vəsaitlərin taleyi təkcə İran iqtisadiyyatına deyil, həm də regiondakı geosiyasi proseslərə təsir göstərə bilər.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki