image-1backend

Azərbaycanın pulu 85 milyardı ötdü – Bundan sonra…

image-ads-728x90

Azərbaycan Mərkəzi Bankı cari ilin birinci rübünün nəticələrini açıqlayıb.

Korrekt.az  xəbər verir ki, məlumatda birinci rübün sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının 117,4 milyon dollar artaraq 85,2 milyard dollar təşkil etdiyi qeyd olunur.

Tənzimləyici hesab edir ki, strateji valyuta ehtiyatlarının bu həcmdə olması ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini bir daha sübut edir.

Qeyd edək ki, strateji ehtiyatlar Dövlət Neft Fondunda və Mərkəzi Bankda toplanır. Mərkəzi Bank 2026-cı il mayın 26-na öz rəsmi valyuta ehtiyatlarının 12 milyard 712,4 milyon ABŞ dolları təşkil etdiyini açıqlayıb. Bu göstərici 2026-cı ilin aprel ayının sonu ilə müqayisədə 25,9 milyon dollar və ya 0,2 faiz çoxdur. Belə ki, 30 aprel 2026-cı il tarixində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 12 milyard 686,5 milyon dollar olmuşdu. Ötən ilin sonu ilə müqayisədə ehtiyatlar 1 milyard 197,5 milyon dollar və ya 10,4 faiz artıb. İllik müqayisədə isə vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 617,8 milyon dollar və ya 14,6 faiz artıb.

1645538334287515475_1200x630.jpg (181 KB)

Qeyd edək ki, cari ilin əvvəlindən Mərkəzi Bankın ehtiyatlarında kəskin artım qeydə alınıb. Əgər 30 dekabr 2025-ci ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar idisə, yanvarın sonunda 11 milyard 563,5 milyon dollar, fevralın sonunda 11 milyard 614,1 milyon dollar, martın sonunda 11 milyard 656,8 milyon dollar təşkil edib. Aprel ayında isə ehtiyatlarda daha kəskin artım baş verib və göstərici 12 milyard 686,5 milyon dollara yüksəlib.

Mərkəzi Bank aprel ayındakı kəskin artımı ölkədə valyutaya tələbin azalması ilə izah edib. Qurumun açıqlamasına görə, son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1  milyard 29,7 milyon ABŞ dolları artıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, yaxın 1-2 ay ərzində –  yəni iyunun sonunadək valyuta bazarında tələbin kəskin dəyişikliyi gözləilmir.

17622460761033860587_1200x630.jpg (390 KB)

Tənzimləyici həmçinin bildirib ki, aprel ayında alınmış 1 milyard ABŞ dollarının tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər: “Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirakını davam etdirdiyi təqdirdə bu barədə məlumat açıqlanacaq”.

Mütəxəssislərə görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının artması ölkənin xarici valyuta mövqeyinin güclənməsi baxımından müsbət göstəricidir. Ehtiyatların 12,7 milyard dolları keçməsi manatın sabitliyinin dəstəklənməsi, xarici öhdəliklər üzrə dayanıqlığın qorunması və maliyyə bazarlarında etimadın möhkəmlənməsi baxımından önəmlidir.

Xüsusilə 2026-cı ilin əvvəlindən ehtiyatların təxminən 1,15 milyard dollar artması Mərkəzi Bankın valyuta mövqeyinin gücləndiyini göstərir.

Azərbaycanın strateji ehtiyatlarının mühüm əksəriyyətinin toplandığı Dövlət Neft Fondunun aktivləri bu il martın 31-nə 73 milyard 515,9 milyon dollar təşkil edib. Bu, 2025-ci il dekabrın 31-də qeydə alınan 73 milyard 541,5 milyon dollardan 25,6 milyon dollar azdır. Bu azalma neft-qaz qiymətlərinin yanvar-fevral aylarındakı kəskin azalması, həmçinin Fondun xərclərini qarşılamaq üçün qızıl ehtiyatlarının bir hissəsini satması ilə bağlıdır. Fondun açıqlamasına görə, 2026-cı ilin yanvar-mart aylatında neft və qaz sazişlərinin həyata keçirilməsindən quruma 1 milyard 803,1 milyon manat daxil olub.  Musavat.com-un Fond məlumatlarına istinadən hesablamalarına əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,2 faiz azalma deməkdir.

Gəlirin 1 milyard 802,7 milyon manatı mənfəət neftinin və qazın satışından, 400 min manatı isə bonus ödənişləri və tranzit haqqından daxil olub.

Birinci rübdə Fondun neft ixracından əsas paya malik Azəri-Çıraq-Günəşli yatağından gəlirləri 1 milyard 400,5 milyona manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalma deməkdir(Ötən ilin birinci rübündə 2 milyard 1,6 milyon manat olmuşdu). Şahdəniz yatağından (qaz və kondensat) isə Fonda əvvəlki illə müqayisədə 2 dəfəyə yaxın çox – 359,6 milyon manat daxil olub(181,9 milyon manat).

Neft Fondu birinci rübdə 22,1 ton qızıl satıb, özünün açıqlamasına görə, bununla ehtiyatlarının həcmini investisiya qaydalarında nəzərdə tutulan həddə endirib. Fond qızılı neçəyə satdığını açıqlamayıb, amma Bloomberg 3 milyard dollar məbləği qeyd edib.

Mərkəzi Bankın digər açıqlamasına görə, cari ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 296,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən daxil olan pul baratlarının həcmi 67,4 milyon dollar və ya 29,4 faiz artıb. Hesabat dövründə Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiya (110,8 milyon dollar), Türkiyə (49,909 milyon dollar), İrlandiya (24,6 milyon dollar), ABŞ (23,911 milyon dollar), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (10,550 milyon dollar), Gürcüstan (10,323 milyon dollar) və Birləşmiş Ərəb Əmirlikləri (9,894 milyon dollar) üzrə formalaşıb.

DOLLAR.jpg (193 KB)

Qeyd edək ki, cari ilin əvvəlindən Azərbaycanda xarici valyutaya tələbin kəskin azalması müşahidə olunmaqdadır. Bu proses əhalinin banklara dollar satışının alışını üstələməsi ilə müşayiət olunur. Belə ki, Mərkəzi Bankın açıqladığı statistikaya əsasən 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib. Mərkəzi Bank bunu əhalinin dolları manata çevirərək əmanət şəklində banklara yatırması – yəni manata inamın artması ilə izah edir.

Lakin dollara tələbin azalmasının əsas səbəbi iqtisadiyyatda yaranan durğunluqla daha çox bağlıdır. Belə ki, rəsmi statistikadan aydın olur ki, yanvar-mayda Azərbaycan iqtisadiyyatı sıfır artım dinamikası nümayiş etdirib. Ölkə rəsmiləri bunu dövlət investisiya layihələrinin başlamaması ilə əsaslandırıblar: ən böyük investor olan dövlərt büdcəsindən bu il üçün nəzərdə tutulan böyük tikinti layihələrin heç birinin icrası başlanmayıb. Hökumət neft qiymətlərinin dəyişkənliyini nəzərə alaraq, büdcənin cari xərclərini qarşılamaq baxımından təhdidlərin qarşısını almaq üçün bu addımı atıb. Lakin 3 ayında neft qiymətləri az qala büdcədə nəzərdə tutulandan 2 dəfə yüksək olan yanvar-may üzrə büdcə gəlirlərinin dinamikası təhdidlərin davam etdiyini göstərir.

İqtisadi durğunluq xaricdən idxalın da azalmasını şərtləndirir ki, bu da dollara tələbi azaldır.

NEFTO.jpeg (69 KB)

ABŞ-İran razılaşması fonunda neft qiymətlərində başlayan kəskin enişin davamlı olması, bazarda müharibədən əvvəlki qiymətlərin bərpası valyuta ehtiyatlarımıza az da olsa, təhdid yarada bilər: böyük layihələrin icrası başlanmaqla dollara tələbi artırarsa, Mərkəzi Bank ən azı cari ilin ötən dövründə bazardan yığdığı dolların bir qismini satışa çıxarmalı ola bilər. Lakin bu, kiçik həcmləri əhatə etməklə ehtiyatların həcminə ciddi təsir göstərməyə bilər.

Neft Fonduna gəlincə, dünya bazarında qızılın dəyərinin artması neft gəlirlərinin azalması fonunda onun aktivlərinin azalmasının qarşısını alacaq.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki