“Yeni Sabah”a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov bu məsələyə aydınlıq gətirib.
O qeyd edib ki, alman qoşunlarının Qafqaza yaxınlaşdığı dövrdə azərbaycanlıların kütləvi şəkildə sürgün edilməsi haqqında sovet hökumətinin hər hansı rəsmi planının olduğunu təsdiqləyən elmi sənədlər mövcud deyil:
“Əksinə, dövrün hərbi-siyasi və iqtisadi şərtləri daxilində belə bir addımın atılması sovet hakimiyyətinin maraqlarına tamamilə zidd idi”.
Məsələnin digər tərəfinə toxunan R.Hətəmov bildirib ki, əgər bu iddialar azərbaycanlıların alman işğalçıları ilə əməkdaşlığa meylli olması ehtimalı ilə əsaslandırılırdısa, bu məntiqsizdir:

“Alman qoşunları Cənubi Qafqazı işğal etdikdən sonra burada dayanmayacaq, Fars körfəzinə doğru yürüşünü davam etdirəcəkdi. Onda məntiqlə köçürülmə təkcə Şimali deyil, həm də Cənubi Azərbaycana da şamil edilməli idi ki, bu da o dövrün gerçəkliyindən uzaqdır”.
Bəs, 1940-cı ildə yaradılan Təxliyə komissiyasının məqsədi nə idi?
Rövşən Hətəmov müharibənin ilk illərindəki real tarixi sənədlərə və faktlara əsaslanaraq əsl həqiqəti belə izah edib:
“Müharibənin əvvəlində SSRİ və nasist Almaniyası arasında faktiki müttəfiqlik var idi və Bakı nefti Almaniyaya göndərilirdi. Buna görə də Almaniyaya qarşı vuruşan Böyük Britaniya və Fransa düşmənin resurslarını kəsmək üçün Bakı neft mədənlərini havadan bombalamağı planlaşdırırdı. Yaxın və Orta Şərqdəki ingilis-fransız qüvvələri Bakıya hücum üçün hazır vəziyyətə gətirilmişdi”.
Tarixçi-alimin sözlərinə görə, cənubdan gələ biləcək bu təhlükəni ciddi qəbul edən SSRİ rəhbərliyi, sərhəd boyu yaşayan yerli əhalinin müdafiəsi məqsədilə onların təhlükəsiz bölgələrə köçürülməsi (təxliyəsi) işinə başlayıb.
“11 iyun 1940-cı ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin nəzdində xüsusi Təxliyə komissiyası yaradıldı. Komissiyanın vəzifəsi təhlükə yaranacağı təqdirdə əhalinin (ilk növbədə qocalar, uşaqlar, əlillər, xəstələr və hamilə qadınların) respublika daxilində və ya kənarda təhlükəsiz yerləşdirilməsini, qrafikini və nəqliyyatını təşkil etmək idi.
16 avqust 1940-cı ildə Zaqafqaziya Hərbi Dairəsinin Hava Hücumundan müdafiə üzrə rəsmisi, artilleriya general-mayoru Tıkin Azərbaycan hökumətinə rəsmi məktub göndərərək, təxliyə olunacaq əhalinin Şamaxı, Quba, Nuxa (Şəki), Qutqaşın (Qəbələ), Zaqatala və Balakən rayonlarında yerləşdirilməsinin məqsəduyğunluğunu qeyd etmişdi”.
R.Hətəmov vurğulayıb ki, mövcud olan bütün rəsmi sənədlər və faktlar azərbaycanlıların cənubdan gələcək mümkün hücumlar zamanı repressiya yox, məhz müdafiə və təhlükəsizlik məqsədilə respublika daxilində təxliyə edilməsinə hazırlıq görüldüyünü sübut edir.





















