ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qeyri-qanuni immiqrantların saxlanılması ilə bağlı yeni məlumat yayıb. Korrekt.az Fox News-ə istinadən xəbər verir ki, qurum cümə günü Ermənistandan olan və bir sıra ağır cinayətlərə görə məhkum edilmiş şəxsin həbs edildiyini açıqlayıb.
Məlumata görə, Ermənistan vətəndaşı Rafael Vladimiroviç Sarkisyan noyabrın 25-də ICE-in Los Angeles bölməsi tərəfindən saxlanılıb. O, deportasiya prosesi tamamlanana qədər federal nəzarət mərkəzində qalacaq. ICE-in açıqlamasında Sarkisyanın heyvanlara qarşı amansızlıq, binanı yandırma və nəzarət olunan maddələrin istehsalı kimi cinayətlərə görə əvvəllər məhkum edildiyi bildirilib.
Qurumun məlumatında həmçinin qeyd olunur ki, qanunsuz silah saxlama, oğurluq və dələduzluq kimi ittihamlarla cinayət keçmişi olan Rusiya vətəndaşı Tiqran Tiraturyan da noyabrın 25-də ICE-in Los Anceles bölməsi tərəfindən həbs edilib.
Hər iki şəxslə bağlı deportasiya proseduru davam etdirilir.





















