“İnternet üzərindən kredit götürmək istədim, amma xəbərim olmadan adıma rəsmiləşdirilmiş 4650 AZN borc yarandı”.
Bu şikayətlə “Qafqazinfo”ya Qaradağ rayon sakini İbrahimov Elnur Malik oğlu müraciət edib. Ehtimal edilir ki, vətəndaş onlayn reklam təkliflərinin ardınca gedərək tələb edilən prosedurları ardıcıl icra edib.
Şikayətçi avqustun 17-də “TikTok” sosial şəbəkəsi vasitəsilə onlayn kredit almaq üçün müraciət etdiyini deyir: “Maddi vəziyyətim çətin idi. Məktəböncəsi uşaqların xərclərini ödəyə bilmək üçün belə qərara gəldim. Platformadan müraciətim zamanı mənə 1500 AZN məbləğində kreditin aylıq 140 AZN ödənişlə 15 ay müddətinə veriləcəyi bildirildi. Daha sonra imzam alındı, iş yerimdən aldığım əməkhaqqı yoxlanıldı və qeyd olundu ki, kredit veriləcək. Lakin üç gün keçsə də, xəbər çıxmadı”.
E.İbrahimov müraciətinə cavab almadıqdan sonra bankla əlaqə saxlayıb, lakin bu zaman artıq borcu olduğunu öyrənib: “Bank tərəfindən bildirildi ki, guya mənim “Kontakt Home”a 4650 AZN məbləğində borcum var. Axı mən heç zaman bu məbləğdə kredit götürməmişəm. Xəbərim və razılığım olmadan adıma 720 manat ilkin ödəniş edilərək bir ədəd soyuducu və qabyuyan maşın rəsmiləşdirilib. Bu əməliyyatların kim tərəfindən və hansı sənədlər əsasında həyata keçirildiyi haqqında heç bir məlumatım yoxdur”.
Vətəndaş qeyd edib ki, adına rəsmiləşdirilən məhsullar onun ünvanına yox, başqa əraziyə göndərilib: “Bu məhsullar Bakıxanov qəsəbəsinə göndərilib, lakin mən Qaradağ rayonunda yaşayıram və qeydiyyat ünvanım Ələt qəsəbəsidir. Bu necə işdir, mənim başıma gəlib, anlamıram… Normalda nəsə alanda az qala, 2-3 dəfə gedib danışırıq, müzakirə edirik, sonra adımıza rəsmiləşir. Artıq iki aydır ki, çıxılmaz vəziyyətdə qalmışam. Aylıq gəliri cəmi 350 manat olan bir adam axı bu krediti necə ödəsin?”
O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etdiyini əlavə edib.
İddialarla bağlı “Kontakt Home”la əlaqə saxladıq. Şirkətdən cavab olaraq bildirildi ki, məsələ araşdırılıb: “Vətəndaşın müraciəti cavabsız qalmayıb, əməkdaşlarımız tərəfindən müvafiq araşdırma aparılıb və müraciət cavablandırılıb. Araşdırma zamanı müəyyən edilib ki, onlayn alış prosesi zamanı SİMA vasitəsilə təsdiqləmə həyata keçirilib. Məsələnin hüquqi qaydada araşdırılması üçün aidiyyəti üzrə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə yönləndirilmə edilib”.
Vətəndaş tərəfindən edilən müraciətlə bağlı hazırda polis tərəfindən araşdırma aparılır.





















