“Xəzər Lənkəran” futbol klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov “Yapı Kredi Bank”la növbəti dəfə yaşanan problemi ictimailəşdirib.
Korrekt.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşan Rəvan Bəşirov bildirib ki, bankla olan məhkəmə çəkişməsinin ilk iclasına qarşı tərəf gəlməyib. O, “Yapı Kredi Bank”ın ikinci iclasdan əvvəl isə ərizə yazaraq geri çəkildiyini iddia edib.
Rəvan Bəşirovun sözlərinə görə, bank ikinci məhkəmə iclasından əvvəl ərizə yazaraq iddiadan geri çəkilib. O, bunu bankın məğlubiyyəti kimi qiymətləndirib.
Rəvan Bəşirov “Yapı Kredi Bank”ın Azərbaycandakı fəaliyyəti ilə bağlı narazılığını ifadə edib. O, bankın rəhbərliyini ölkədəki fəaliyyətə və vətəndaşlarla münasibətlərə daha ciddi nəzarət etməyə çağırıb.
Xatırladaq ki, Rəvan Bəşirov “Yapı Kredi Bank”la 2026-cı il aprelin 10-dan problem yaşayır.
O, bankı borcun təkrar tələb olunmasında ittiham edir.
Belə ki, R. Bəşirov aprel ayında yaşadığı problemi belə qeyd etmişdi:
“”Yapı Kredi Bank” bir kredit kartı borcumu məndən fırıldaqçılıqla iki dəfə alan bankdır.
Bir dəfə 6000 AZN ödəyib bağladığım borcu məndən 4 il sonra təkrarən alıblar və iddia ediblər ki, guya ödənilməyib.
Sual verirəm: əgər ödənilməmişdisə, bu, 4 il sonra yadınıza düşür? Müştəri ödənişi 10 gün gecikdirəndə qapısına qədər gedirsiniz”.
Keçmiş vitse-prezidentin sözlərinə görə, bankın bu “səhvi” onun ölkədən çıxışına da mane olub. O, ABŞ-yə səfər etmək istəyərkən xoşagəlməz sürprizlə qarşılaşdığını vurğulayıb.
Qarşı tərəfi dinləməyə hazırıq.Tribuna.az






















