Papikyanın Aero Vodochody şirkətinə səfəri hərbi-texniki əməkdaşlıq məsələsini gündəmə gətirir – təyyarələrin qiyməti milyonlarla dollarla ölçülür
Ermənistanın müdafiə naziri Suren Papikyanın Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin tanınmış hərbi aviasiya istehsalçılarından biri olan Aero Vodochody şirkətinə baş çəkməsi diqqət çəkir.
Korrekt.az xəbər verir ki, şirkət reaktiv təlim və yüngül döyüş təyyarələrinin istehsalı, aviasiya texnikasının modernləşdirilməsi və texniki xidməti üzrə ixtisaslaşıb.
Müəssisənin məhsulları müxtəlif ölkələrin hərbi hava qüvvələrində pilotların hazırlanması və müəyyən döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün istifadə olunur.
Şirkət 1919-cu ildə yaradılıb və indiyədək 11 mindən çox təyyarə istehsal edib. Onun əsas məhsulları arasında müasir L-39 Skyfox, L-159 ALCA yüngül döyüş təyyarəsi və L-39 Albatros təlim təyyarəsi var. Aero Vodochody həmçinin aviasiya sənayesi üzrə beynəlxalq istehsal layihələrində iştirak edir və öz istehsalı olan təyyarələrə texniki dəstək göstərir.Hərbi təyyarələrin vahid qiyməti çox vaxt açıqlanmır. Müqavilənin ümumi dəyərinə təyyarələrlə yanaşı simulyatorlar, pilot hazırlığı, ehtiyat hissələri, texniki xidmət və yerüstü avadanlıq da daxil edilir.

Şirkətin ən yeni məhsulu olan L-39 Skyfox pilotların ilkin və yüksək səviyyəli hazırlığı üçün nəzərdə tutulub. İstehsalçı bu təyyarənin müəyyən komplektasiyalarda yüngül zərbə tapşırıqlarını da yerinə yetirə bildiyini bildirir. L-159 ALCA isə təlimlə yanaşı döyüş funksiyaları üçün hazırlanıb. Bu təyyarələrin imkanları ağır çoxməqsədli qırıcılarla müqayisə edilməməlidir: onların əsas üstünlüyü pilot hazırlığı və daha məhdud taktiki tapşırıqların icrasıdır.
Məhsulların qiyməti sifarişin tərkibindən asılı olaraq dəyişir. Məsələn, Çexiyanın LOM Praha dövlət müəssisəsi 2022-ci ildə dörd L-39NG təyyarəsinin alınması üçün 1,3 milyard kron, təlim, avadanlıq və digər xidmətlər daxil olmaqla bütün paketə görə isə 2,1 milyard kron dəyərində müqavilə bağlayıb. Bu hesabla təyyarələrin orta qiyməti təxminən 325 milyon kron olub. Qana altı L-39NG təyyarəsi, texniki dəstək və yerüstü təlim sistemi üçün 111,4 milyon avroluq müqavilə təsdiqləyib. Bu məbləğə yalnız təyyarələr deyil, onların istismarı üçün nəzərdə tutulan əlavə məhsul və xidmətlər də daxil edilib.

Papikyanın Aero Vodochody şirkətinə səfərinin Ermənistan üçün konkret hansı nəticələr verəcəyi isə hələ aydın deyil. Rəsmi açıqlama və ya müqavilə barədə məlumat olmadan İrəvanın Çexiyadan təyyarə alacağını, yaxud yeni silah sistemləri əldə etmək barədə razılığa gəldiyini söyləmək mümkün deyil. Bununla belə, səfər Ermənistanın müdafiə sahəsində xarici istehsalçılarla əlaqələrinin inkişafı kontekstində izlənilməli hadisədir.
Yeri gəlkmişkən, 2026-cı il üçün nəzərdə tutulan 563,1 milyard dramlıq müdafiə büdcəsi 2025-ci ilin 664,6 milyard dramı ilə müqayisədə 101,5 milyard dram və ya təxminən 15,3 faiz azdır. Ermənistan hökumətinin təqdim etdiyi büdcə layihəsinə əsasən, müdafiə xərcləri ümumi dövlət büdcəsi xərclərinin təxminən 15,5 faizini təşkil etməlidir. Bununla belə, büdcənin azalması Ermənistanın silah alışını tamamilə dayandırması demək deyil. Müdafiə xərclərinin ümumi məbləği ilə konkret silah və hərbi texnika alışına ayrılan vəsait fərqli göstəricilərdir. Təyyarə, hava hücumundan müdafiə sistemi, artilleriya və digər silahların alınması əvvəlki illərdə bağlanmış müqavilələr, ödəniş qrafikləri və büdcənin ayrı-ayrı maddələri ilə bağlı ola bilər.Musavat.com





















