“Amerika Birləşmiş Ştatları ilə Çin Xalq Respublikası arasında münasibətlər müasir dünya siyasətində xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkə supergüc hesab olunur və qlobal dünya düzəninin formalaşmasında həlledici rol oynayır.” – bu fikirləri ABŞ prezidenti Donald Trampın Çinə səfərini şərh edən politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda beynəlxalq təhlükəsizlik, iqtisadi sabitlik və regional proseslərə də ciddi təsir göstərir.
Onun sözlərinə görə, hazırda dünyada bir sıra mühüm münaqişə və gərginlik ocaqları mövcuddur. Rusiya–Ukrayna müharibəsi, İran ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər, eləcə də İsrail ətrafında baş verən hadisələr qlobal gündəmin əsas mövzularındandır.
“Bu baxımdan, Donald Trampın Çin Xalq Respublikasına səfəri zamanı qeyd olunan məsələlərin müzakirə ediləcəyi ehtimal olunur. Çünki Çin bu proseslərdə mühüm təsir gücünə malik dövlətlərdən biridir. ABŞ ilə Çin arasında iqtisadi münasibətlər xüsusi yer tutur. İki ölkə arasında geniş ticarət dövriyyəsi mövcuddur. Lakin bu dövriyyədə balans Çinin xeyrinədir və bu hal Amerika Birləşmiş Ştatlarını qane etmir.”– deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, iki liderin görüşündə mühüm razılaşmalar olub.
“Artıq dünya mediası bu iki liderin görüşündən sonra mühüm razılaşmaların olacağını yazmağa başlayırlar. Hesab edirəm ki, bu görüş dünya düzəninin yenidən formalaşması üçün əhəmiyyətli idi”– deyə Arzuman Muradlı bildirib.





















