image-1backend

Almaniyaya daşınan 112 kiloqram heroin – Niyə İran dünya narkotrafikinin əsas marşrutlarından biridir?

image-ads-728x90

Azərbaycan gömrük orqanları növbəti dəfə beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsinin qarşısını alıb. Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları İrandan Almaniyaya tranzit daşınan yükdə 112 kiloqram 761,757 qram təmiz heroin aşkarlayıblar. Narkotik maddə 1 218 ədəd plastik düyü konservi qabında xüsusi hazırlanmış gizli bölmələrdə yerləşdirilib.

İran dünyanın ən böyük heroin istehsalçısı olan Əfqanıstanla təxminən 900 kilometrlik sərhədə malikdir. Əfqanıstanda istehsal olunan tiryək və heroin ilk növbədə İrana daxil olur. Buradan isə yük müxtəlif istiqamətlərə göndərilir. Ən çox istifadə olunan marşrutlardan biri belədir: Əfqanıstan – İran – Azərbaycan və ya Türkiyə – Avropa ölkələri.

BEKpu3KtshLxwb0CmmPEZI4jpt1UhztBqYAOiNP1_1200.jpg (241 KB)

Azərbaycanın coğrafi mövqeyi Avropaya gedən tranzit yollarından biri olduğuna görə qaçaqmalçılar bəzən bu marşrutdan istifadə etməyə çalışırlar. Lakin son illər Azərbaycan gömrük və sərhəd xidmətləri bu cür cəhdlərin böyük hissəsini vaxtında aşkar edir.

Almaniya Avropanın ən böyük istehlak bazarlarından biridir. Narkotik qrupları yüksək gəlir əldə etmək üçün heroini məhz Qərbi Avropa ölkələrinə yönəldirlər. Bir kiloqram heroin Avropada topdansatış və pərakəndə satış mərhələlərində dəfələrlə bahalaşaraq milyonlarla avroluq gəlir gətirə bilir.

İran hökuməti illərdir narkotik qaçaqmalçılığına qarşı sərt mübarizə apardığını bildirir. Hər il tonlarla heroin və digər narkotik vasitələrin müsadirə edildiyi açıqlanır, narkotik cinayətlərinə görə ağır cəzalar, o cümlədən ölüm hökmü tətbiq olunur. Bununla belə, ölkənin Əfqanıstanla uzun və dağlıq sərhədi, regiondakı qeyri-sabitlik, həmçinin beynəlxalq qaçaqmalçı şəbəkələrinin fəaliyyəti İranı narkotrafik baxımından ən riskli ölkələrdən biri kimi saxlayır.

Son hadisə göstərir ki, Azərbaycan beynəlxalq narkotik daşımalarının qarşısının alınmasında mühüm rol oynayır. Tranzit yüklərin müasir texniki vasitələrlə yoxlanılması nəticəsində böyük həcmdə heroin Avropaya çatdırılmadan ələ keçirilib. Bu cür əməliyyatlar həm Azərbaycanın tranzit təhlükəsizliyinin təmin olunması, həm də Avropaya narkotik axınının qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.

GZOdoTzc7nMqv4arjFMPaPaZEqdaLbtuYBF7cSHv_1200.jpg (74 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Musavat.com-a deyib ki, bu cür hadisələrə yalnız ayrı-ayrı şəxslərin cinayəti kimi yanaşmaq düzgün deyil:

“Söhbət böyük maliyyə imkanlarına malik, beynəlxalq əlaqələri olan kriminal strukturlardan gedir. Narkotik qaçaqmalçılığı artıq klassik gizli daşınma formasından çıxaraq müasir texnologiyalardan, logistika imkanlarından və qanuni ticarət kanallarından istifadə edən transmilli cinayət sahəsinə çevrilib. Belə hadisələrin əsas səbəbi regiondakı narkotik istehsalı və tranzit zənciridir. Uzun illər ərzində Əfqanıstan dünyada tiryək istehsalının əsas mərkəzlərindən biri olub. Bu maddədən hazırlanan heroin isə müxtəlif marşrutlarla Avropa bazarlarına çıxarılır. İranın coğrafi mövqeyi bu prosesdə xüsusi rol oynayır. İran Əfqanıstanla sərhəddə yerləşən ölkədir. Bu səbəbdən narkotiklərin Qərb istiqamətində daşınmasında əsas tranzit xətlərindən biri kimi istifadə olunur. Heroin Avropaya əsasən dörd marşrutla daxil olur və onların ən mühümlərindən biri İran-Türkiyə-Balkan xətti, digəri isə Qafqaz istiqamətidir. Azərbaycan da zaman-zaman bu tranzit marşrutunun üzərində yerləşən ölkələrdən biri kimi istifadə olunmağa cəhd edilən dövlətlər sırasındadır. Paradoks ondadır ki, İran təkcə tranzit ölkəsi deyil, həm də dünyada opiat istifadəsinin ən yüksək yayıldığı ölkələrdən biri hesab olunur. Eyni zamanda İran hüquq-mühafizə orqanları hər il tonlarla heroin və tiryək müsadirə edir. Beynəlxalq hesabatlarda qeyd olunur ki, İran uzun illər dünya üzrə opiat müsadirələrinin böyük hissəsini həyata keçirən ölkələrdən biri olub”.

ARZU SON.jpg (42 KB)

A.Nağıyev bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe həm iqtisadi üstünlük, həm də təhlükəsizlik baxımından əlavə məsuliyyət yaradır:

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bu isə ölkədən keçən yük axınının artmasına səbəb olur. Beynəlxalq nəqliyyat yollarının keçdiyi bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da transmilli cinayət qruplarının qanuni yük daşımalarından sui-istifadə etmək cəhdləri mümkündür. Ona görə də gömrük nəzarəti, risk analizi və xüsusi texniki vasitələr mühüm əhəmiyyət daşıyır”.

Arzu Nağıyev hesab edir ki, 112 kiloqramlıq heroin partiyası bir neçə nəfərin şəxsi təşəbbüsü ilə həyata keçirilən əməliyyat deyil:

“Belə miqdarda narkotik vasitənin hazırlanması, qablaşdırılması, daşınması və son ünvana çatdırılması üçün təşkilatlanmış struktur lazımdır. Burada istehsalçı, maliyyələşdirən, daşıyan, vasitəçi və qəbul edən tərəflər ola bilər”.

Onun sözlərinə görə, narkotik kartelləri getdikcə daha peşəkar üsullardan istifadə edir:

“Əvvəllər narkotiklər daha primitiv üsullarla gizlədilirdi. İndi isə konserv qabları, sənaye məhsulları, avtomobil hissələri, müxtəlif kommersiya yükləri içərisində gizlətmə hallarına rast gəlinir”.

S7ZQwWNSs9bvJg4E7c7KqTl7FArCS7cDlV0MfruX_1200.jpg (93 KB)

Arzu Nağıyev vurğulayıb ki, narkotik şəbəkələrinin əsas məqsədi böyük gəlir əldə etməkdir:

“Avropa ölkələrində alıcılıq qabiliyyətinin yüksək olması narkotik mafiyasını həmin bazarlara istiqamətləndirir. İstehsal olunduğu regionda ucuz olan narkotik maddə Avropada dəfələrlə baha qiymətə satılır”.

Ekspertin fikrincə, bu səbəbdən Azərbaycan kimi tranzit ölkələrin üzərinə düşən yük daha da artır. Buna görə də narkotik qaçaqmalçılığı ilə mübarizə beynəlxalq əməkdaşlıq tələb edir:

“Bu problem yalnız Azərbaycanın, İranın və ya Avropa ölkələrinin ayrıca mübarizə apara biləcəyi məsələ deyil. Burada gömrük xidmətləri, sərhəd strukturları, xüsusi xidmət orqanları və beynəlxalq təşkilatlar arasında məlumat mübadiləsi vacibdir”.

fCqijKATzX748hdGxOLHewLlV4JwrDELGBscAn5b_1200.jpg (345 KB)

Arzu Nağıyev qeyd edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi əməliyyatlar ölkənin beynəlxalq narkotik marşrutlarına qarşı mühüm maneə yaratdığını göstərir. Naxçıvanda aşkarlanan 112 kiloqram heroin də bunu göstərir ki, narkotik şəbəkələri müxtəlif yollar axtarsalar da, sərhəd və gömrük nəzarətinin gücləndirilməsi onların fəaliyyətinə ciddi zərbə vurur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki