Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan bölgəsində neft emalı zavoduna edilən hücum nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Korrekt.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, obyekt düşmənin hava silahlarından atəşə tutulub. Nəticədə yanğın baş verib və yanğın söndürülüb. İstehsal müəssisələrinin bir hissəsinin fəaliyyəti dayandırılıb.
İlkin məlumata görə, ölən şəxs Nepal vətəndaşıdır. Müxtəlif ölkələrin vətəndaşları olan yaralılara tibbi yardım göstərilir.
Hadisə yerində təcili yardım və texniki xidmətlər işləyir. Hazırda dəymiş ziyan qiymətləndirilir və zavod obyektlərinin təhlükəsizliyi yoxlanılır.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi hücumun arxasında kimin dayandığını açıqlamasa da, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya daha əvvəl Ənsar Allah yaraqlı qruplaşmasını günahlandırmışdı.





















