Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Karen Qriqoryan vəzifəsindən azad edilib.
Korrekt.az xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan noyabrın 26-da bununla bağlı fərman imzalayıb. Qərar baş nazir Nikol Paşinyanın təqdimatı əsasında qəbul edilib.
2024-cü ilin fevralında bu vəzifəyə təyin olunan general əsaslı tikinti, mühəndis-istehkam və müdafiə qurğularının inşası sahələrinə rəhbərlik edib.
Ermənistanın “Qolos Armenii” nəşrinin məlumatına görə, Karen Qriqoryan Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı işğal əməliyyatları həyata keçirən cinayətkar birləşmələrin sıralarında olub.
O, 1994-cü ildən müxtəlif hərbi komandanlıq vəzifələrində çalışıb. 2014–2015-ci illərdə Hadrutda, daha sonra isə Xocavənddə yerləşən “Martuni-3” hərbi hissəsinin komandiri olub.
Ermənistanın ArmLur.am saytının noyabrın 26-da yayımladığı bioqrafik materialda generalın hərbi dairələrdə “50” ləqəbi ilə tanındığı bildirilir.
Ermənistanın Shamshyan.com saytının 27 yanvar 2021-ci il tarixli arxiv materialına əsasən, o, Azərbaycanın Xocavənd rayonunun Müşkapat kəndində anadan olub.
Ermənistanın “Hay Zinvor” hərbi qəzetinin 2017-ci il arxivinə əsasən, Qriqoryan 1990-cı ildə Müşkapat kənd orta məktəbini bitirib. Əvvəlcə doğulduğu kənddə yaradılan silahlı dəstənin, daha sonra Xocavənd batalyonunun sıralarında olub. Separatçı rejimin hərbi strukturlarında taqım komandirliyindən batalyon komandirliyinədək müxtəlif vəzifələr tutub.
O, 1990-cı ildə İrəvan Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq Qarabağa gəlib, terrorçu Monte Melkonyanın rəhbərliyi altında Azərbaycana qarşı işğal əməliyyatlarında iştirak edib.
General 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində Hadrut, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdərə istiqamətlərində Azərbaycanın suveren ərazilərində cinayət əməliyyatlarında iştirak edib.
2016-cı ildə onun komandanlıq etdiyi hərbi hissə ən yaxşı hərbi hissə adına layiq görülüb.
O, birinci və ikinci dərəcəli qondarma “Döyüş xaçı” ordenləri ilə təltif olunub.
Qriqoryanın təltifləri arasında “Vazgen Sarkisyan”, “Andranik Ozanyan” və “Qaregin Njde” adlı hərbi mükafatlar da yer alıb.
General Karen Qriqoryan 24 fevral 2022-ci ildə Ermənistan ordusunun mühəndis qoşunlarının rəisi, 14 fevral 2024-cü ildə isə Baş Qərargah rəisinin müavini təyin edilib.Musavat.com





















