image-1backend

Stalinin bəyəndiyi, atası 4 il itkin düşən, qızını və ərini qəzada itirən aktrisa

image-ads-728x90

Azərbaycan kinosunun qızıl fonduna daxil olan filmlər var ki, illər keçsə də, tamaşaçılar onları yenidən izləməkdən yorulmur. “Arşın mal alan”ın Gülçöhrəsi, “Dəli Kür”ün Mələyi, “Fətəli xan”ın Sara xanımı… Bu obrazları birləşdirən təkcə ekran yaddaşı deyil, həm də onlara həyat verən sənətkarın özünəməxsus ifasıdır.

Lent.az-ın “Unudulan sənətkarlar” rubrikasında bu dəfə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin həyat və yaradıcılıq yolundan bəhs edəcəyik.

Doğulduğu ailə və uşaqlıq illəri

Leyla Ağalar qızı Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda dünyaya gəlib. Atası Ağalar bəy Şəmkir bölgəsinin kənd bəylərindən, anası Bikə xanım isə Şəmkirdə Musa xanın qızı olub. Leylanın uşaqlığı İçərişəhərdə keçib. Ailənin sənətə marağının formalaşmasında anasının xüsusi rolu olub. Bikə xanım qızını tez-tez Əli Bayramov adına qadınlar klubuna aparır, onun incəsənətə marağını dəstəkləyirmiş. Leylanın özündən 18 yaş kiçik bacısı da olub.

Təhsil həyatı

Leyla Bədirbəyli Bakıda 3 saylı Beynəlmiləl məktəbdə təhsil alıb. Məktəb illərində dram dərnəklərinə qatılıb, səhnəyə maraq göstərib. Daha sonra Azərbaycan Dövlət Teatr İnstitutunda təhsilini davam etdirib və 1952-ci ildə ali məktəbi bitirib. Maraqlıdır ki, o, artıq tanınmış aktrisa olduğu dövrdə də təhsilini davam etdirərək peşəkar biliklərini artırıb.

Sənətə rəqslə gəlişi

Leyla Bədirbəylinin sənət yolu müğənniliklə deyil, rəqslə başlayıb. Anasının onu Əli Bayramov adına qadınlar klubunun rəqs dərnəyinə aparması gələcək sənətkarın həyatını dəyişib. Rəqsə olan həvəsi və səhnə bacarığı qısa zamanda diqqət çəkib.

1937-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında solist kimi fəaliyyət göstərib. Hətta onun üçün xüsusi rəqslər hazırlanıb. “Toy” və Əlibaba Məmmədovun “Bir dənəsən, bir dənə” rəqsləri də onun ifası üçün nəzərdə tutulan nömrələr arasında olub.

İlk ekran təcrübəsi

Aktrisanın kino ilə tanışlığı da erkən yaşlarından başlayıb. O, ilk dəfə Dziqa Vertovun “Lenin haqqında üç mahnı” sənədli filmində pioner qız rolunda çəkilib. Daha sonra Qəmər Salamzadənin “Dəcəl dəstə” filmində rol alıb.

1940-cı ildə isə Ənvər Məmmədxanlının “Ayna” filmində baş rola dəvət olunub. Ardınca “Bakının işıqları” filmində çəkilib. Beləliklə, səhnədə rəqslə başlayan sənət yolu tədricən kino və teatrla davam edib.

İlk evliliyi və ana olması

Leyla Bədirbəyli 1936-cı ildə, 16 yaşında ikən Filarmoniyada birlikdə çalışdığı Fərəc Cavanşirovla ailə həyatı qurub. 1937-ci ildə onların Cavanşir adlı oğlu dünyaya gəlib. Lakin bu evlilik uzun sürməyib. Cütlük 1941-ci ildə ayrılıb.

Aktrisa ilk evliliyinin bitməsindən sonra da sənət fəaliyyətini davam etdirib. Onun oğlu Cavanşir Cavanşirov sonralar Azərbaycan Dövlət Televiziyasında operator kimi çalışıb. Cavanşirin həyat yoldaşı Elmira Cavanşirova da televiziya rejissoru olub.

İkinci evliliyi və maraqlı tanışlıq tarixçəsi

1942-ci ildə Leyla Bədirbəyli diş həkimi Kamil Aslanovla ailə qurub. Onların tanışlıq tarixçəsi isə maraqlı məqamları ilə seçilir. Gənclər rəqs məclislərinin birində tanış olublar. Kamil Aslanov Leylanı bəyənib və onunla yaxınlaşmağa çalışıb. Bir müddət sonra Leyla anasını da özü ilə götürərək Kamilin işlədiyi xəstəxanaya getməyə başlayıb. Guya diş müalicəsi üçün edilən bu səfərlər getdikcə tez-tez təkrarlanıb.

Nəhayət, Kamil Aslanovun ailəsi elçi gələndə Bikə xanım qızının niyyətini anlayıb. Rəvayətə görə, o, zarafatla belə deyib: “Bir-birinizi sevdiyinizi əvvəldən desəydiniz, mən də dişlərimi çəkdirməzdim”.

Bu evlilikdən onların Lalə və Bikə adlı iki qızı dünyaya gəlib.

Gülçöhrə obrazı ilə dünya şöhrəti

1945-ci il Leyla Bədirbəylinin həyatında dönüş nöqtəsi olub. Həmin il Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilən filmdə Gülçöhrə obrazını canlandırıb.

Rejissor Rza Təhmasib bu rol üçün çoxsaylı aktrisalar arasında seçim aparıb. Leyla Bədirbəyli 50-dən çox namizəd arasından seçilərək Gülçöhrə roluna təsdiqlənib. Onun bu obraza seçilməsində Üzeyir Hacıbəylinin tövsiyəsinin də mühüm rolu olub.

Film qısa müddətdə böyük şöhrət qazanıb, SSRİ ilə yanaşı, dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib. Gülçöhrə obrazı isə aktrisanı beynəlxalq səviyyədə tanıdıb. Filmdən sonra müxtəlif ölkələrdən ona məktublar göndərilib. Hətta Bolqarıstandan bir tamaşaçı ailəsində qız uşağına Gülçöhrə adını verdiyini yazıb.

Stalin onu niyə “Azərbaycan gözəli” adlandırmışdı?

Leyla Bədirbəylinin gözəlliyi haqqında danışarkən ən çox xatırlanan hadisələrdən biri sovet rəhbəri İosif Stalinlə bağlıdır.

Stalinin aktrisanın gözəlliyinə heyran olduğu, onu “Qafqaz gözəli” adlandırdığı bildirilir.

Səməd Vurğun və Əliağa Vahidlə bağlı maraqlı məqamlar

Leyla Bədirbəylinin adı Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri ilə bağlı xatirələrdə də çəkilir.

Xalq şairi Səməd Vurğunun aktrisaya heyranlıq duyduğu, ona “Allı-güllü Leylam” adlı şeir həsr etdiyi barədə məlumatlar var. Həmin şeirin sonradan mahnıya çevrildiyi də qeyd olunur.

Teatr səhnəsində yaratdığı obrazlar

Leyla Bədirbəyli yalnız kino aktrisası deyildi. O, Azərbaycan teatrının da parlaq simalarından biri olub.

1941-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib, 1942-ci ildən etibarən burada fəaliyyət göstərib. İlk peşəkar teatr rolu Mirzə İbrahimovun “Məhəbbət” pyesindəki Zəhra obrazı olub.

Daha sonra Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərində Sara, “Almaz”da Almaz, “Od gəlini”ndə Solmaz, Şekspirin “Otello”sunda Dezdemona, Tolstoyun “Canlı meyit”ində Liza, “Vaqif” tamaşasında Gülnar və Xuraman obrazlarını yaradıb.

O, 1975-ci ilə qədər Akademik Dram Teatrında çalışıb.

Yaddaşlara həkk olunan filmləri

Aktrisanın kino yaradıcılığı olduqca zəngindir. O, 50-yə yaxın bədii və televiziya filmində rol alıb.

Ən yaddaqalan ekran işləri arasında “Arşın mal alan”, “Görüş, “Dəli Kür”, “Onun böyük ürəyi”, “Sevil”, “Dərviş Parisi partladır”, “Bakının işıqları” var.

Atası ilə bağlı illərlə davam edən narahatlıq

Leyla Bədirbəylinin ailə həyatında diqqətçəkən hadisələrdən biri də atası ilə bağlı olub. Müharibə illərində hərbçi olan atası cəbhəyə gedib, 1943-cü ildə isə ailəsinə onun itkin düşməsi barədə xəbər çatıb. Yaxınları uzun müddət onun taleyindən xəbərsiz qalıblar. Dörd il sonra atasının sağ-salamat geri qayıtması ailə üçün böyük sevinc olub.

Dövlət mükafatları və fəxri adları

Leyla Bədirbəylinin sənət fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1946-cı ildə “Arşın mal alan” filminə görə Stalin mükafatına layiq görülüb. 1949-cu ildə Əməkdar artist, 1959-cu ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adını alıb.

1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Bu mükafat ona Akademik Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərində yaratdığı Fəxrəndə obrazına görə verilib.

Heydər Əliyevlə görüşü və aldığı son böyük mükafat

1999-cu il yanvarın 7-də Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Leyla Bədirbəyli Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Həmin il martın 7-də Prezident iqamətgahında ordenlərin təqdimetmə mərasimi keçirilib. Heydər Əliyev şəxsən Leyla Bədirbəyliyə “İstiqlal” ordenini təqdim edib. Mərasimdə aktrisa prezidentə minnətdarlığını bildirərək göstərilən diqqət və qayğının onun üçün çox qiymətli olduğunu söyləyib.

Həyatının ən ağır sınaqları

Leyla Bədirbəylinin həyatının ən ağrılı səhifələri ailə itkiləri ilə bağlıdır. Həyat yoldaşı Kamil Aslanov xaricdə avtomobil qəzasına düşərək vəfat edib. Bu hadisədən çox keçməmiş, 1960-cı illərdə böyük qızı Lalə də avtomobil qəzasında həyatını itirib.

Bir-birinin ardınca yaşadığı bu faciələr aktrisaya ağır zərbə vurub. Xüsusilə qızının ölümü onun həyatında dərin iz buraxıb.

Bundan sonra sənətkarın səhhətində problemlər yaranıb, əvvəlki kimi ictimaiyyət arasında görünməyib. Daha çox evdə qalmağa üstünlük verib.

Ömrünün son illəri

Bir vaxtlar səhnələrin, kino ekranlarının sevilən siması olan Leyla Bədirbəyli ömrünün son illərini daha sakit və qapalı həyat tərzi keçirərək yaşayıb.

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də, 79 yaşında Bakıda vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki