image-media-xura-bpa5kfbackend

Ana dilimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin mənəvi borcudur

image-ads-728x90

Ana dili xalqın milli-mənəvi sərvəti, onun tarixi yaddaşı və milli varlığının ən etibarlı sübutudur. Anaların laylası ilə ruhumuza hopan, qanımıza qarışan doğma dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin əsas daşıyıcısıdır. Azərbaycan dili əsrlər boyu xalqımızın mənəvi bütövlüyünü qoruyaraq bu günümüzə qədər gəlib çatmış müqəddəs dəyərdir.

Bu fikirləri Beynəlxalq Ana dili günü ilə bağlı açıqlamasında Azərbaycan, Türkiyə və Özbəkistan Yazarlar Birliyinin üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova səsləndirib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyev ana dilinin qorunması və inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ulu Öndər dəfələrlə vurğulayırdı: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir”. Bu mənsubiyyətin ilkin və əsas şərti isə dildir. Millilik, ilk növbədə, ana dilinin varlığının və saflığının qorunması deməkdir. Hər bir vətəndaş öz dilində təmiz və səlis danışmağı bacarmalı, onun zənginliyini yaşatmaq üçün şəxsi məsuliyyət hiss etməlidir.

Xuraman Muradova qeyd edib ki, dilin müqəddəsliyinə tarix boyu böyük mütəfəkkirlərimiz də xüsusi həssaslıqla yanaşıblar. O xatırladıb ki, Abbasqulu ağa Bakıxanov dilçilik əsərinə “Qanuni-qüdsi” adını verərək onu “müqəddəs qanun” kimi təqdim etmişdi. “Müqəddəs” anlayışının ən ali dəyərlərə şamil edildiyi bir dövrdə qrammatika kitabının bu cür adlandırılması ana dilinin qanunlarının toxunulmazlığını ifadə edirdi. Çünki dilin saflığını qorumaq, onu bayağı və yersiz ifadələrlə korlamamaq milli məsuliyyət məsələsidir.

Böyük yazıçı-dramaturq və dövlət xadimi Nəriman Nərimanov da ana dilinin mənəvi dəyərini yüksək poetik çalarlarla vəsf edərək yazırdı: “Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, ana şəfqətini sənə o dildə bəyan edib. Bir dil ki, sənə beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirir”. Bu fikirlər ana dilinin insanın mənəvi formalaşmasındakı rolunu parlaq şəkildə ifadə edir.

Müsahibimiz vurğulayıb ki, Heydər Əliyevin dil siyasəti milli dövlətçilik ideologiyasının ayrılmaz tərkib hissəsidir. Onun “Hər xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm və bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur” fikri bütün zamanlarda aktual olaraq qalacaq.

Bu siyasi xətt hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət dili haqqında qanunvericiliyin təkmilləşdirilməsi, latın qrafikasının tətbiqi ilə bağlı genişmiqyaslı nəşr proqramları, elm, təhsil və mədəniyyət sahəsində qəbul edilən sənədlər Azərbaycan dilinin müasir dünya standartları səviyyəsində inkişafına xidmət edir. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq müstəvidə tanıdılması dil siyasətinin strateji əhəmiyyətini daha da artırır.

Xuraman Muradova bildirib ki, doğma dilimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin mənəvi borcudur. Onun sözlərinə görə, dilə sevgi yalnız emosional münasibət deyil, həm də praktik məsuliyyətdir – düzgün danışmaq, düzgün yazmaq və milli dəyərlərə sədaqət göstərməkdir.

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji dil siyasəti bu gün də uğurla davam etdirilir və milli kimliyimizin möhkəmlənməsinə xidmət edir. Ana dilinin qorunması hər bir vətəndaşın həm mənəvi borcu, həm də vətəndaşlıq məsuliyyətidir”, – deyə X.Muradova fikirlərini yekunlaşdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki