Türkiyə noyabrın 9-20-də Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etməyə hazırlaşır. Qlobal iqlim gündəliyinin müzakirə olunacağı beynəlxalq sammitlə bağlı təşkilati, təhlükəsizlik və tibbi hazırlıq işlərinin başa çatdığı bildirilir.
Korrekt.az xəbər verir ki, Türkiyənin ev sahibliyi edəcəyi COP31 çərçivəsində dövlət və hökumət başçıları, nazirlər, alimlər, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələcəklər.
“Dünya İqlim Zirvəsi Türkiyədədir. Birlikdə daha təmiz gələcəyə doğru” şüarı altında keçiriləcək tədbirdə iqlim dəyişikliyi ilə mübarizə, karbon emissiyalarının azaldılması, yaşıl enerji, iqlim maliyyələşməsi və davamlı inkişaf məsələləri müzakirə olunacaq.
Antalyada keçiriləcək zirvə görüşünün əsas mərhələlərindən biri noyabrın 11-12-də baş tutacaq Liderlər Sammitidir. Görüşdə dünya liderlərinin iştirakı ilə iqlim siyasətinin gələcək istiqamətləri və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Sammitin gündəliyində “Sıfır Tullantı” təşəbbüsü, davamlı şəhərlər, enerji və nəqliyyat, maliyyə və ticarət, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, səhiyyə, okeanların qorunması, təbiət və torpaqdan istifadə, eləcə də gənclərin iqlim siyasətində iştirakı kimi mövzular yer alacaq.
Türkiyə COP31 çərçivəsində özünün beynəlxalq səviyyədə tanınan “Sıfır Tullantı” təşəbbüsünü də ön plana çıxarmağı planlaşdırır.
Beynəlxalq tədbirin təhlükəsizliyinin təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər görülüb. Məlumata görə, Təhlükəsizlik Baş İdarəsi, Jandarma Baş Komandanlığı və Sahil Təhlükəsizliyi Komandanlığının ümumilikdə 26 min əməkdaşı sammit müddətində xidmət aparacaq.
Antalyada quru, hava və dəniz istiqamətlərini əhatə edən çoxşaxəli təhlükəsizlik sistemi qurulacaq. Dövlət və hökumət başçılarının, nazirlərin və nümayəndə heyətlərinin hava limanında qarşılanmasından tutmuş onların yerləşdirilməsinə və tədbir məkanına daşınmasına qədər bütün proseslər əvvəlcədən planlaşdırılıb.
Sammitin keçirilməsi ilə əlaqədar fövqəladə hallara hazırlıq tədbirləri də gücləndirilib. AFAD-ın koordinasiyası ilə 15 xüsusi təchizatlı nəqliyyat vasitəsi və 120 mütəxəssisdən ibarət heyət fəaliyyət göstərəcək.
Tibbi təminat çərçivəsində 110 təcili yardım avtomobili, 300 tibb işçisi və 31 xüsusi təyinatlı xilasetmə vasitəsi hazır vəziyyətə gətirilib. Milli Tibbi Xilasetmə Qrupu (UMKE) isə tədbir boyunca sutka ərzində fasiləsiz xidmət göstərəcək.
**COP31-in bütün məlumatları vahid mobil tətbiqdə**
Türkiyədə keçiriləcək sammitin təşkilati işlərinin asanlaşdırılması məqsədilə “COP31 Türkiye Super APP” adlı xüsusi mobil tətbiq də hazırlanıb.
Tətbiq vasitəsilə iştirakçılar tədbirlərin proqramı, nəqliyyat, ərazi üzrə naviqasiya, şəxsi təqvim, xəbərlər və elanlarla tanış ola biləcəklər. Beləliklə, sammitlə bağlı əsas məlumatların vahid rəqəmsal platformada təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, COP31 Türkiyənin beynəlxalq iqlim diplomatiyasında mövqeyini gücləndirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı genişləndirmək baxımından mühüm beynəlxalq tədbir hesab olunur.





















