“Artıq İranın başqa yolu yoxdur. Danışıqlar masasında oturmalı və sülh razılaşmasına getməlidirlər.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, İran rəsmiləri indiyədək pafoslu açıqlamalarla cəmiyyəti caşdırırdılar.
” Reallıq isə başqadır. Uzun müddətdir sankisya altında olan İranın iqtisadi resursları tükənmişdi. Aqressiv açıqlamalar fonunda İran müharibəyə hazırlaşmalıydı. Ancaq keçən iki gün ərzində İranın müharibəyə hazır olmadığı bəlli oldu. Bu qədər yüksək səviyyədə seçici, hətta deyərdim ki, fərdiləşdirilmiş zərbələr göstərdi ki, ABŞ və İsrail üçün İranda sirr qalmayıb.Bu, təkcə kəşfiyyat imkanlarının gücü ilə izah olunmur. İran hakim elitasının müəyyən hissəsinin qarşı tərəflə əməkdaşlığı ehtimalı da nəzərdən qaçırılmamalıdır. Cəmi iki gün ərzində demək olar ki, İranın hakim elitası məhv edildi. İndi maraqlı məqamlar ortaya çıxacaq. ABŞ İranda kiminlə əməkdaşlıq edəcək. Yəqin ki, burada ABŞ-la indiyədək əməkdaşlıq edilən qüvvələrin maraqları nəzərə alınacaq.” – deyə Arzuman Muradlı bildirib.






















