image-1backend

Arzu Nağıyev: Hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur

image-ads-728x90

Azərbaycanda hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitənin bugünkü iclasında “Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlara təklif olunan dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə hərbçilərin sosial rifahının təminatında növbəti artımların edilməsinə hədəflənən yeni islahat tədbirinə başlanılır:

“Məqsəd Müdafiə Nazirliyi hərbi qulluqçularının əməyinin ödənişi sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu olan ölkələrin təcrübəsinə uyğunlaşdırılması, əməkhaqlarında artımların edilməsidir. Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq”.

Komitə sədri bildirib ki, hesablamalar əməkhaqqı artımlarının kifayət qədər pensiya kapitalı toplamağa imkan verəcəyini göstərir:

“Məlum olduğu kimi, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır. Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır”.

Arzu Nağıyev vurğulayıb ki, çoxsaylı əlavələr və birdəfəlik ödənişlər ləğv ediləcək, Müdafiə Nazirliyinin hərbçilərinin əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq, xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq:

“Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq. Hərbçilərin əməkhaqları ilə bağlı yeni islahat təklifi, həmçinin, pensiya təminatı üzrə tədbirləri də əhatə edir və onların sığorta kapitallarının daha çox artımına, gələcək pensiyalarının daha yüksək olmasına istiqamətlənib. Həmçinin hərbçilərə şamil olunan pensiya mexanizmi daha da təkmilləşdirilir. İslahat nəticəsində hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək”.

Komitə sədri qeyd edib ki, sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək:

“Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq. İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq”.

Deputat əlavə edib ki, aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq:

“Eyni vəzifədən pul təminatı islahatından əvvəl və sonra olmaqla pensiyaya çıxan iki hərbi qulluqçunun pensiya məbləğləri bir neçə dəfə fəqlənəcək və pensiyaçılar arasında qeyri-bərabərlik yaradacaq. Təklif olunan yanaşma ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında bu qeyri-bərabərlik ortadan qalxacaq. Xatırladım ki, ölkədə son illərdə aparılan əməkhaqqı və pensiya islahatları hərbi qulluqçuları da əhatə edib və bu dövrdə onların əməkhaqları və pensiyaları orta hesabla iki dəfə artıb. Yeni qayda islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki