ABŞ ilə İran arasında gərginliyin yenidən artması Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirir. Bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
“ABŞ–İran qarşıdurması yeni mərhələyə qədəm qoyub. Bu münaqişənin yenidən qızışacağı gözlənilən idi. Çünki ABŞ və İran arasında hər hansı bir razılaşmanın əldə olunacağına dair ciddi gözlənti yox idi”, – deyə politoloq qeyd edib.
Arzuman Muradlının sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr regionun təhlükəsizliyi baxımından ciddi risklər yaradır.
“Artıq nə ABŞ, nə də İran geri addım atmaq niyyətində görünür. Bu isə region üçün olduqca təhlükəli vəziyyət yaradır. Müharibə davam etdikcə region ölkələri müxtəlif çətinliklərlə üzləşir, iqtisadi itkilər artır və ölkələrin iqtisadiyyatına ciddi zərbə dəyir”, – deyə o bildirib.
Politoloq hesab edir ki, münaqişənin qısa müddətdə dayandırılması həm region ölkələrinin təhlükəsizliyi, həm də iqtisadi sabitliyin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
“Bu qarşıdurmanın tezliklə başa çatması region üçün olduqca vacibdir. Gərginliyin davam etməsi Yaxın Şərqdə vəziyyəti daha da ağırlaşdıra bilər”, – deyə Arzuman Muradlı vurğulayıb.





















