ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı verdiyi açıqlamalar Vaşinqton–Ankara münasibətlərində yeni mərhələnin başlanğıcından xəbər verir.
Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı səsləndirib.
Onun sözlərinə görə, Trampın NATO sammitində iştirakını Ərdoğanla əlaqələndirməsi və Türkiyə lideri haqqında müsbət fikirlər səsləndirməsi təsadüfi siyasi mesaj deyil:
“Son illər ABŞ–Türkiyə münasibətləri S-400 böhranı, CAATSA sanksiyaları, Türkiyənin F-35 proqramından çıxarılması və Suriya siyasəti fonunda ciddi sınaqlardan keçmişdi. İki strateji müttəfiq arasında etimadın zəiflədiyi bir dövrdə Ankaradan verilən mesajlar münasibətlərin sadəcə əvvəlki vəziyyətinə qayıtmasını deyil, yeni siyasi reallığın formalaşdığını göstərir. Trampın Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılacağını və F-35 məsələsinin yenidən nəzərdən keçirilə biləcəyini bildirməsi bunun ən mühüm göstəricilərindən biridir.”
Politoloq bildirib ki, Türkiyənin son illərdə artan geosiyasi çəkisi ABŞ-ın regionla bağlı yanaşmasına da təsir göstərib.
“Bu gün Türkiyə artıq yalnız NATO-nun cənub cinahını qoruyan ölkə deyil. Ankara Qara dənizdən Aralıq dənizinə, Cənubi Qafqaza və Yaxın Şərqə qədər uzanan geniş coğrafiyada mühüm təsir imkanlarına malik regional gücə çevrilib. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik, enerji marşrutları və qlobal logistika zəncirləri göstərdi ki, Türkiyəni nəzərə almadan regionla bağlı strateji qərarlar qəbul etmək mümkün deyil. Vaşinqton da görünür, bunu daha açıq şəkildə qəbul etməyə başlayıb.”
Arzuman Muradlı qeyd edib ki, F-35 məsələsi yalnız hərbi texnika ilə bağlı qərar kimi qiymətləndirilməməlidir.
“F-35 qırıcılarının Türkiyəyə mümkün satışı təkcə müdafiə sənayesinə aid məsələ deyil. Bu, eyni zamanda ABŞ-ın Türkiyəyə strateji etimadının bərpası anlamına gələ bilər. Şübhəsiz ki, bu proses asan olmayacaq. ABŞ Konqresində və bəzi müttəfiq ölkələrdə buna qarşı ciddi müqavimət mövcuddur. Bununla belə, Tramp administrasiyasının nümayiş etdirdiyi siyasi iradə əvvəlki illərlə müqayisədə fərqli yanaşmanın formalaşdığını göstərir.”
Politoloqun fikrincə, Ankarada Donald Tramp üçün təşkil olunan yüksək səviyyəli qarşılama mərasimi də mühüm siyasi mesaj daşıyır.
“Diplomatiyada protokol heç vaxt təsadüfi olmur. Türkiyənin ABŞ Prezidentini yüksək səviyyədə qəbul etməsi Ankaranın Vaşinqtonla münasibətlərdə yeni səhifə açmaq niyyətini nümayiş etdirirdi. Trampın Prezident Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi müsbət fikirlər isə iki lider arasında şəxsi siyasi dialoqun hələ də mühüm rol oynadığını göstərdi.”
Ekspert vurğulayıb ki, ABŞ–Türkiyə münasibətlərində mümkün normallaşma Azərbaycan üçün də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.
“Türkiyə Azərbaycanın əsas strateji müttəfiqidir. Ankaranın beynəlxalq nüfuzunun artması Bakının geosiyasi imkanlarını da genişləndirir. ABŞ–Türkiyə münasibətlərində normallaşma Cənubi Qafqazda təhlükəsizlik, enerji layihələri və regional əməkdaşlıq baxımından yeni imkanlar yarada bilər. Bu proses Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursuna da əlavə dəstək verə bilər.”
Sonda Arzuman Muradlı bildirib ki, beynəlxalq münasibətlər sistemində yeni siyasi mərhələ formalaşır.
“Dünya yeni geosiyasi mərhələyə daxil olur. Müttəfiqlik anlayışı dəyişir, regional güclərin rolu artır və beynəlxalq münasibətlər daha praqmatik xarakter alır. Əgər Ankarada verilən siyasi mesajlar yaxın aylarda konkret qərarlarla müşayiət olunarsa, bu görüş gələcəkdə ABŞ–Türkiyə münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Belə görünür ki, Ankara sammiti təkcə NATO-nun gündəliyinə deyil, yaxın illərin regional və qlobal geosiyasi proseslərinə də ciddi təsir göstərə biləcək hadisələrdən biri olacaq.”





















