“İranın Ermənistandakı səfiri Xəlil Şirqulami məntiqsiz açıqlamalarına daha birini əlavə edib. İranlı diplomatın bölgədə sabitlik və davamlı sülhün təmin olunması üçün Ermənistan və Azərbaycan arasında real güc balansının yaradılmasının vacibliyi ilə bağlı fikirləri İran tərəfinin regiona yanaşmasında dəyişiklik olmadığını göstərir”.
Bu fikirləri politoloq Arzuman Muradlı səsləndirib.
Politoloqun sözlərinə görə, İran rəsmilərinin bu cür açıqlamaları regionda sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət etmək əvəzinə, Azərbaycan və Ermənistan arasında münasibətlərə əlavə gərginlik gətirə bilər.
“İran yenə iki ölkə arasında qalmaqal və qarşıdurma yaratmaqda maraqlıdır. Səfirin açıqlamasında ‘real güc balansı’ məsələsini önə çəkməsi də təsadüfi deyil. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədiyi, münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığı bir vaxtda belə yanaşmalar konstruktiv mövqedən uzaqdır”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, İranın Ermənistandakı səfiri dəfələrlə diplomatik statusunun və səlahiyyətlərinin çərçivəsini aşan açıqlamalarla çıxış edib.
“Xəlil Şirqulami hər dəfə statusunu və həddini aşan açıqlamalar verir. Bu açıqlamaların onun şəxsi mövqeyi olub-olmadığı, yaxud İran Xarici İşlər Nazirliyinin verdiyi təlimat əsasında səsləndirilib-səsləndirilmədiyi ayrıca məsələdir. Hər iki halda bu cür bəyanatlar İran-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirir”, – politoloq vurğulayıb.
Arzuman Muradlının sözlərinə görə, İran tərəfi regionda gedən prosesləri nəzərə almalı və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane ola biləcək ritorikadan çəkinməlidir.
“İranın qonşu dövlətlərlə münasibətlərində belə həssas məsələlərə daha məsuliyyətli yanaşması vacibdir. Azərbaycan öz ərazisində təhlükəsizliyin və sabitliyin təmin olunması ilə bağlı qərarları özü verir. Xarici dövlətlərin, xüsusilə də diplomatik nümayəndələrin Azərbaycanın daxili və regional siyasəti ilə bağlı bu cür qiymətləndirmələri qəbuledilməzdir”, – deyə politoloq əlavə edib.





















