“Ölkə başçısının bu sahənin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər strateji əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadi inkişafında kənd təsərrüfatı prioritet istiqamətlərdən biri olmalıdır.” – bu fikirləri iqtisadçı ekspert, iqtisadiyyat üzrə fəlsəfə doktoru Arzuman Muradlı bildirib.
Arzuman Muradlı qeyd edib ki, bu sahədə uğurlu nümunə kimi Hollandiya iqtisadi modelindən yararlanmaq mümkündür. O bildirib ki, ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşməsinə baxmayaraq, Hollandiya güclü iqtisadiyyatı ilə dünyanın aparıcı ölkələri ilə rəqabət aparır. Ekspertin sözlərinə görə, bu ölkə xüsusilə kənd təsərrüfatı və aqrar sənaye sahəsində yüksək inkişaf səviyyəsinə nail olub və dünyanın ən böyük çiçək istehsalçılarından biri kimi tanınır.
Onun sözlərinə görə, Hollandiya iqtisadiyyatının güclü olması onun dayanıqlı modelə əsaslanması ilə bağlıdır və bu təcrübə Azərbaycanda da tətbiq oluna bilər.
Arzuman Muradlı vurğulayıb ki, kənd təsərrüfatına dövlət dəstəyinin artırılması iqtisadiyyatın ümumi güclənməsinə ciddi töhfə verə bilər.
“Dövlətin gücü onun iqtisadi gücü ilə birbaşa bağlıdır. İqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılması və qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ölkənin daha dayanıqlı iqtisadi modelə keçidini təmin edəcək.”-deyə Arzuman Muradlı bildirib.





















