Politoloq Arzuman Muradlı hesab edir ki, Rusiyanın son dövrlərdə Cənubi Qafqazla bağlı sərgilədiyi ritorika və dövlət mediasında yayımlanan materiallar Kremlin regionda itirdiyi təsir imkanlarını bərpa etmək cəhdinin tərkib hissəsidir.
Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, son günlər Rusiya mediasında həm Azərbaycana, həm də Ermənistana qarşı səsləndirilən ittihamlar və tənqidi çıxışlar təsadüfi deyil. Onun sözlərinə görə, bu proses Kreml tərəfindən koordinasiya olunan yeni təbliğat kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
“Rusiya Cənubi Qafqazda mövqelərini yenidən möhkəmləndirmək istəyir. Məhz buna görə Kreml növbəti dəfə genişmiqyaslı təbliğat kampaniyasına başlayıb. Son günlər Rusiya mediasında Azərbaycana və Ermənistana qarşı müşahidə olunan hücumların arxasında da məhz bu dayanır. Kremlə bağlı informasiya resursları və təbliğat ruporları açıq şəkildə Cənubi Qafqaz ölkələrini hədəfə alan bəyanatlar səsləndirirlər”, – deyə politoloq vurğulayıb.
Ekspertin fikrincə, Moskva regionda əvvəlki geosiyasi təsir imkanlarını qorumaqda çətinlik çəkir və buna görə də informasiya müstəvisində təzyiq siyasətini gücləndirməyə çalışır.
“Düşünürəm ki, artıq Kremldə də anlayırlar ki, Cənubi Qafqaz ölkələri əvvəlki kimi Rusiyanın təsir dairəsində deyil. Azərbaycan müstəqil xarici siyasət yürüdür, Ermənistan isə müxtəlif istiqamətlərdə yeni tərəfdaşlıqlar qurmağa çalışır. Belə bir şəraitdə Kremlin informasiya və təbliğat vasitələrindən istifadə edərək region ölkələrinə psixoloji və siyasi təzyiq göstərmək istəyi aydın görünür”, – deyə Arzuman Muradlı əlavə edib.
Politoloq hesab edir ki, Cənubi Qafqazda baş verən proseslər fonunda informasiya müharibəsinin daha da intensivləşməsi istisna deyil və region ölkələri bu cür təbliğat kampaniyalarına qarşı ayıq mövqe nümayiş etdirməlidirlər.





















