image-media-1-tisa2vxb0oge3k8m165ybackend

Arzuman Muradlı: Kremlin yeni informasiya kampaniyası acı məğlubiyyətin gizlədilməsi üçündür

image-ads-728x90

Politoloq Arzuman Muradlının sözlərinə görə, Rusiya–Ukrayna müharibəsi uzandıqca tərəflər arasında mübarizə təkcə döyüş meydanında deyil, informasiya müstəvisində də daha sərt xarakter alır. O bildirib ki, müasir müharibələr göstərir ki, hərbi uğur yalnız cəbhədə əldə olunan nəticələrlə ölçülmür. Rəqibin psixoloji durumuna təsir göstərmək, cəmiyyətin dözümlülüyünü qorumaq və beynəlxalq ictimai rəyə təsir etmək də strateji əhəmiyyət daşıyır.

Politoloqun fikrincə, son aylarda Kremlin informasiya siyasətində müşahidə olunan dəyişikliklər təsadüfi deyil. Onun sözlərinə görə, Rusiyanın psixoloji üstünlüyünü itirməsinin əsas səbəbi təbliğat aparatının zəifləməsi deyil, uzun illər ərzində cəmiyyətə təqdim edilən və reallıqla uzlaşmayan bəyanatların inandırıcılığını itirməsidir.

Arzuman Muradlı qeyd edib ki, müharibə artıq beşinci ilinə qədəm qoyduğu halda, Prezident Vladimir Putinin vəd etdiyi “qəti qələbə” hələ də görünmür. Əksinə, ölkə daxilində yanacaq qıtlığı, iqtisadi çətinliklər və paytaxt Moskvada artan təhlükəsizlik riskləri cəmiyyətdə narahatlığı daha da artırır.

Onun sözlərinə görə, məhz bu səbəbdən Kreml yeni informasiya kampaniyasına başlayıb. Politoloq hesab edir ki, bu dəfə əsas təbliğat missiyasının dövlət televiziyalarının aparıcılarına deyil, birbaşa Vladimir Putinin özünə həvalə olunması diqqət çəkən məqamdır. O bildirib ki, Putin son çıxışlarında “qələbəyə yaxınlaşırıq”, “Qərb bizi məhv etmək istəyir”, “Rusiyanı heç kim məğlub edə bilməz” kimi əvvəllər dəfələrlə səsləndirdiyi tezisləri yenidən təkrarlayır.

Arzuman Muradlı vurğulayıb ki, bəzi ekspertlər Putinin reallıq hissini itirdiyini iddia etsələr də, bu yanaşma daha çox emosional xarakter daşıyır. Onun fikrincə, Kremlin rəhbəri ölkədə baş verən proseslərdən kifayət qədər məlumatlıdır və mövcud vəziyyətdə susması mümkün deyildi. Politoloq bildirib ki, Putin cəmiyyət qarşısına çıxmağa məcbur idi, lakin ictimai əhval-ruhiyyəni yüksəldə biləcək yeni arqumentləri olmadığından həm “Vahid Rusiya” Partiyasının qurultayında, həm də jurnalist Pavel Zarubinə verdiyi müsahibədə köhnə təbliğat tezislərinə qayıdıb.

Arzuman Muradlının sözlərinə görə, Putinin müsahibə zamanı telesuflyordan istifadə etməsi də diqqətdən yayınmayıb. O qeyd edib ki, çıxışda cəbhədə vəziyyətin tam nəzarət altında olduğu, müdafiə xətlərinin yarıldığı və Rusiya ordusunun fasiləsiz irəlilədiyi görüntüsü yaradılmağa çalışılır. Bununla yanaşı, Putin artıq uzun müddət istifadə etdiyi “hər şey plana uyğun gedir” ifadəsini işlətmir ki, bu da Kremlin reallığın müəyyən hissəsini qəbul etdiyini göstərən mühüm detal kimi qiymətləndirilə bilər.

Politoloq əlavə edib ki, Putinin ritorikasında əsas xətt yenə də “Qərb təhlükəsi” narrativi üzərində qurulub. Onun sözlərinə görə, Kremlin ideoloji xəttində Rusiyanı daim məhv etməyə çalışan xarici düşmən obrazı tarixən mühüm yer tutub və bu model bu gün də dəyişməyib. Muradlı bildirib ki, Putin Qərbin Rusiyanı döyüş meydanında məğlub edə bilmədiyi üçün ölkəni daxildən zəiflətməyə çalışdığı barədə iddiaları yenidən gündəmə gətirərək cəmiyyəti xarici təhlükə ətrafında səfərbər etməyə çalışır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki