Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin növbəti dəfə ifadəsi kimi qiymətləndirilir.
Bu barədə politoloq Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, dövlət başçısı son iki Şuşa Qlobal Media Forumunda olduğu kimi, bu il də Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyi açıq şəkildə ifadə edib.
“Bu, Azərbaycan Prezidentinin mövqeyinin tamamilə aydın və ardıcıl olduğunu göstərir. Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Kiyev heç bir halda öz ərazilərinin işğalı ilə barışmamalıdır”, – deyə politoloq bildirib.
Arzuman Muradlının sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın öz tarixi təcrübəsinə istinad edərək vurğulayıb ki, uzun illər işğal altında qalan torpaqların geri qaytarılması prinsipindən heç vaxt imtina edilməməlidir. Politoloq qeyd edib ki, dövlət başçısı bu kontekstdə Qarabağ münaqişəsinin nizamlanması dövründə Azərbaycana təqdim edilən müxtəlif kompromis təkliflərinin qəbul edilmədiyini xatırladıb və ölkənin ərazi bütövlüyü məsələsində güzəştə getmədiyini bir daha diqqətə çatdırıb.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin ikinci mühüm mesajı müharibənin dayandırılmasının vacibliyi ilə bağlı olub.
“Prezident İlham Əliyev bildirib ki, müharibə dayandırılmalıdır. Bu, Ukrayna tərəfinin də uzun müddətdir irəli sürdüyü əsas tələblərdən biridir. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ukrayna öz ərazi bütövlüyündən imtina etməməli və işğal faktını qəbul etməməlidir”, – deyə Arzuman Muradlı qeyd edib.
Politoloq hesab edir ki, Rusiya–Ukrayna münaqişəsinin hazırkı mərhələsində davamlı sülhə nail olmaq üçün ilk növbədə hərbi əməliyyatların dayandırılması və atəşkəsin təmin edilməsi vacibdir. Bununla belə, onun sözlərinə görə, istənilən sülh prosesi beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında qurulmalıdır.
Arzuman Muradlı həmçinin bildirib ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq bütün çətinliklərə baxmayaraq inkişaf etməkdə davam edir. Onun sözlərinə görə, Azərbaycan Ukraynaya humanitar yardım və enerji dəstəyi göstərməyi davam etdirir.
Politoloq əlavə edib ki, Ukraynadakı Azərbaycan obyektlərinə və Kiyevdə yerləşən səfirlik binasına ziyan dəyməsinə baxmayaraq, bu hadisələr iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməyib.
“Azərbaycan Ukrayna ilə əməkdaşlıq siyasətindən geri çəkilməyib. Baş verən hadisələrlə bağlı Rusiya tərəfinə diplomatik kanallar vasitəsilə etiraz bildirilib və rəsmi xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan Ukrayna ilə tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verməyə davam edir”, – deyə Arzuman Muradlı vurğulayıb.





















