ABŞ rəsmiləri İsrailin Baş naziri Benyamin Netanyahoya sərt mesaj ünvanlayıblar. Axios nəşrinin iki amerikalı məmura istinadən yaydığı məlumata görə, Ağ Ev həftəsonu HƏMAS-ın yüksək rütbəli hərbi komandirinin öldürülməsini ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş Qəzza üzrə atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.
Korrekt.az xəbər verir ki, Ağ Evin qəzəbli reaksiyası Tramp administrasiyası ilə Netanyahu hökuməti arasında Qəzza müharibəsinə son qoyulması üzrə razılaşmanın növbəti mərhələsi və İsrailin daha geniş regional siyasəti ilə bağlı artan gərginlik fonunda baş verib.
Amerikalı rəsmilərin bildirdiyinə görə, dövlət katibi Marko Rubio, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın müşaviri, kürəkəni Cared Kuşner Netanyahunun son addımlarından ciddi narazılıq ifadə ediblər.
Qeyd olunur ki, Netanyahu ilə Prezident Tramp arasında 29 dekabrda Mar-a-Laqoda görüş gözlənilir. ABŞ tərəfi iddia edir ki, İsrail hökuməti sözügedən hücumdan əvvəl Vaşinqtonu məlumatlandırmayıb və ABŞ-la məsləhətləşmələr aparmayıb.
Axios-un məlumatına görə, Ağ Evin Netanyahoya göndərdiyi mesajda deyilir:
“Əgər nüfuzunuzu ləkələmək və razılaşmalara əməl etmədiyinizi göstərmək istəyirsinizsə, davam edin. Ancaq Prezident Trampın Qəzza üzrə razılaşmada vasitəçilik edərkən qazandığı nüfuza xələl gətirməyinizə icazə verməyəcəyik. Bu bizə xəyanətdir.”
İsrail rəsmisi Ağ Evin narazılığını təsdiqləsə də, mesajın daha yumşaq tonda çatdırıldığını bildirib. Onun sözlərinə görə, “bəzi ərəb ölkələri” İsrailin addımlarını atəşkəsin pozulması kimi qiymətləndirir. Bununla belə, amerikalı rəsmilər Ağ Evin birmənalı şəkildə İsrailin atəşkəsi pozduğunu bildirdiyini vurğulayıblar.


















