image-1backend

Axiosdan sensasion İDDİA: ABŞ Zelenskidən Donbasdan dərhal imtina etməyi tələb edir  

image-ads-728x90

ABŞ administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskiyə təzyiq göstərərək onu prezident Donald Trampın sülh planı çərçivəsində ərazi və digər güzəştlərə mümkün qədər tez razı olmağa çağırıb. Axios yazır ki, Vaşinqton və Kiyev arasındakı danışıqlar əsasən iki məsələ üzərində cəmləşib: Rusiyanın Ukraynadan bütün Donbasdan imtina tələbi və Ukraynanın ABŞ-dan gələcək Rusiya təcavüzünün qarşısını almaq üçün ciddi təhlükəsizlik zəmanətləri istəyi.

Mənbələrin bildirdiyinə görə, Kiyevin mövqeyinə görə vəziyyət ABŞ təklifinin pisləşməsindən sonra daha da gərginləşib. Bu dəyişiklik Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşnerin ötən həftə Kremldə Vladimir Putinlə beş saatlıq görüşündən sonra qeyd olunub.

Ukraynalı rəsmilərdən biri bildirib ki, Uitkoff və Kuşner Zelenski ilə iki saatlıq telefon danışığı zamanı ondan dərhal “bəli” cavabı almağa çalışıblar. Onun sözlərinə görə, amerikalılar Ukraynanı Rusiyanın bütün Donbası ələ keçirmək niyyətinə inandırmağa çalışır və Zelenskidən buna telefonda razılıq gözləyirdilər.

Bununla belə, tərəflər ərazi məsələlərində və təhlükəsizlik zəmanətlərində hələlik ciddi irəliləyişə nail olmayıb.

Axios-un məlumatına görə, Zelenski telefon danışığı zamanı bildirib ki, ABŞ-ın yenilənmiş təklifini cəmi bir saat əvvəl alıb və onunla tanış olmağa vaxt tapmayıb. ABŞ rəsmisi bunu “qeyri-adi” adlandırsa da, ukraynalı tərəf bəzi sənədlərin həqiqətən də yalnız söhbətə az qalmış təqdim edildiyini vurğulayıb.

Ukraynalı mənbə deyib ki, Vaşinqtonun yeni təklifi əvvəlkilərlə müqayisədə daha sərt şərtlər ehtiva edir – xüsusilə ərazi məsələləri və Zaporojye AES-in nəzarəti ilə bağlı. Təklifin təhlükəsizlik zəmanətlərinə dair əsas sualları açıq saxladığı da qeyd olunur.

Mənbənin sözlərinə görə, ABŞ rəsmiləri sanki Zelenskidən bütün bu şərtləri sadəcə telefonla qəbul etməsini gözləyirdilər.

Bu arada amerikalı rəsmilər iddia edir ki, hazırkı layihəyə Ukraynanın təklifləri əsaslı təsir göstərib və Uitkoff ilə Kuşner Putinə Kiyevin bir sıra tələblərini qəbul etdirmək üçün təzyiq göstəriblər.

Bazar ertəsi Zelenski Londonda Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşərək Trampın sülh planına dair ümumi mövqeni müzakirə edib. Lakin ABŞ və Ukrayna rəsmilərinə görə, Tramp administrasiyası bu görüşü “vaxt udmaq cəhdi” kimi qiymətləndirib.

Ukraynalı mənbələr hesab edir ki, ABŞ Zelenskini Avropa liderlərindən ayırmağa çalışır, çünki Avropa tərəfi ehtiyatlı yanaşmağı tövsiyə edir, Vaşinqton isə sürətli qərar tələb edir. Bu dinamika Ağ Evdə narazılıq yaradıb və bəzi amerikalı rəsmilər Avropanı danışıqlara maneə kimi görür.

Zelenski daha əvvəl bildirib ki, ABŞ-ın irəli sürdüyü sülh təşəbbüsü üzrə danışıqlarda Donetsk və Luqansk vilayətlərinin gələcəyi ilə bağlı razılıq əldə olunmayıb. O həmçinin Kiyevin ABŞ başda olmaqla Qərb müttəfiqlərindən ayrıca və güclü təhlükəsizlik zəmanətləri tələb etdiyini vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki