image-1backend

Azərbaycan dili – milli varlığımızın və dövlətçiliyimizin ən möhkəm dayağı

image-ads-728x90

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”
Ulu Öndər Heydər Əliyev
Ana dili hər bir xalqın tarixi yaddaşını, milli düşüncəsini və mənəvi irsini özündə yaşadan ən qiymətli sərvətdir. Xalqın keçmişi, mədəniyyəti, adət-ənənələri və milli kimliyi məhz dil vasitəsilə qorunaraq gələcək nəsillərə ötürülür. Azərbaycan dili də əsrlərin sınağından çıxaraq bu gün dövlətçiliyimizin, milli birliyimizin və müstəqilliyimizin əsas rəmzlərindən birinə çevrilmişdir. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü ana dilimizin qorunmasına göstərilən dövlət qayğısının və xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığının ifadəsidir.

Azərbaycan dilinin bugünkü yüksək statusa yüksəlməsi uzun və mürəkkəb tarixi yol keçib. Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması siyasəti həyata keçirilir, ittifaq respublikalarında ana dilinin ictimai-siyasi həyatda rolunun məhdudlaşdırılmasına cəhd göstərilirdi. Belə bir şəraitdə Azərbaycan dilinin hüquqlarını müdafiə etmək böyük siyasi iradə və qətiyyət tələb edirdi. Məhz Ümummilli Lider Heydər Əliyev həmin dövrdə milli maraqları hər şeydən üstün tutaraq ana dilimizin dövlət dili kimi tanınması istiqamətində ardıcıl mübarizə apardı. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi həmin dövrün ən mühüm siyasi hadisələrindən biri oldu. Bu tarixi qərar gələcək müstəqil Azərbaycanın dil siyasətinin əsasını formalaşdırdı və milli özünüdərkin güclənməsində mühüm rol oynadı.

Müstəqillik illərində isə Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Ardınca 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dilinin tətbiqinin genişləndirilməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi üçün mühüm hüquqi baza yaratdı. Dil tariximizdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri də Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsidir. Bu qərar Azərbaycan əlifbasının və ana dilimizin milli-mənəvi dəyər kimi qorunmasına verilən yüksək qiymətin təzahürü olmaqla yanaşı, gələcək nəsillərdə dilə hörmət hissinin möhkəmləndirilməsinə xidmət edən mühüm dövlət addımı idi.

Ulu Öndərin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, milli ensiklopediyanın hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri və dilçiliyin inkişafına yönəlmiş dövlət proqramlarının icrası bu siyasətin mühüm nəticələridir. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin müasir dövrün çağırışlarına uyğun inkişafına yeni imkanlar yaratdı. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, terminologiyanın təkmilləşdirilməsi və dil resurslarının zənginləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirildi. 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dövlət dilinin qorunması sahəsində yeni mərhələnin əsasını qoydu. Kütləvi informasiya vasitələrində, reklam sahəsində, elektron resurslarda və rəsmi yazışmalarda Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarət gücləndirildi. Sonrakı dövrdə həyata keçirilən institusional dəyişikliklər bu sahədə dövlət nəzarətinin daha da təkmilləşdirilməsinə xidmət etdi.

Bu gün Azərbaycan dili təkcə dövlət dili deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli ideya ətrafında birləşdirən mühüm mənəvi bağdır. Qloballaşma şəraitində xarici təsirlərin artdığı bir dövrdə ana dilimizin saflığının qorunması, onun zəngin söz ehtiyatının yaşadılması və gündəlik həyatda düzgün tətbiqi hər bir vətəndaşın məsuliyyətidir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın ana dilinə sevgisinin, milli dəyərlərinə sədaqətinin və dövlətimizin bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin bariz ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə müasir dövrün tələblərinə uyğun inkişaf etdirdiyi dil siyasəti nəticəsində Azərbaycan dili bu gün dövlətçiliyimizin, milli birliyimizin və mənəvi bütövlüyümüzün ən möhkəm dayaqlarından biri kimi öz mövqeyini daha da möhkəmləndirir.

Samirə Hüseynova



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki