” İran həm də türk dövlətidir və regionda sabitliyin qorunması baxımından qonşu ölkələrlə normal münasibətlərin saxlanılması vacibdir. Siyasi rejimdən asılı olmayaraq, Azərbaycan tərəfi hər zaman münasibətlərin konstruktiv şəkildə davam etdirilməsi üçün üzərinə düşən addımları atmağa çalışır.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq vurğulayıb ki, İranın dağılması və dinc insanların həyatını itirməsi bütövlükdə region üçün arzuolunmazdır və bu cür proseslər hər kəsi narahat edir. Onun fikrincə, İran ABŞ ilə anlaşmaya getməli və mövcud gərginliyə son qoymalıdır.
” İran Prezidenti Məsud Pezeşkianın bu istiqamətdə həlledici qərarlar vermək səlahiyyəti məhduddur. O, eyni zamanda Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyini xatırladıb ki, ölkə ərazisi heç vaxt İrana qarşı istifadə olunmayacaq və Azərbaycanın digər dövlətlərlə əməkdaşlığı da İrana qarşı yönəlməyib.”-deyə Arzuman Muradlı bildirib.
Bununla belə, politoloq SEPAH generallarının davamlı şəkildə Azərbaycanı hədələməsini tənqid edib və bu cür ritorikanın qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, SEPAH körfəz ölkələrinə qarşı raket və dron hücumlarını dayandırmalıdır, xüsusilə də həmin ölkələrin əraziləri İrana qarşı hərbi məqsədlərlə istifadə olunmursa.
Arzuman Muradlı hesab edir ki, Azərbaycana qarşı hər hansı təcavüz İran dövlətinin mövcudluğu üçün ciddi nəticələrə səbəb ola bilər. O vurğulayıb ki, Azərbaycan heç vaxt qonşu ölkədə Suriya ssenarisinin təkrarlanmasını istəmir və daim İranda proseslərin təkamül yolu ilə inkişafını dəstəkləyib.
Sonda politoloq bildirib ki, İran islahatlara başlamalı, ölkədə yaşayan xalqların milli hüquqlarını tanımalı, İsraili məhv etməklə bağlı hədələrə son qoymalı və ölkənin inkişafı üçün ABŞ tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılmasına çalışmalıdır.





















