image-1backend

Azərbaycan siyasi seçiminə sadiqdir

image-ads-728x90

Qlobal təhlükəsizliyi təhdid edən geosiyasi cağırışlar göstərir ki, beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad mühiti bərqərar edilmədikcə və beynəlxalq hüququn imperativliyi təmin olunmadıqca, vəziyyət ağırlaşmaqda davam edəcək. Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə işgüzar səfəri həm də bu prioritetlər baxımından xüsusi diqqət çəkir.

Səfər bir daha təsdiq edir ki, Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinə münasibətdə tutduğu obyektiv mövqeyə və həmin məsələdə ayrı-seçkilik etmədiyinə görə, beşinci ildir müharibə şəraitində yaşayan Ukrayna üçün də etibarlı tərəfdaşdır. Prezident İlham Əliyev dörd il əvvəl, 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri çərçivəsində Azərbaycanın öz siyasi seçimini dəyişməyəcəyini və bütün aktorlarla münasibətlərində beynəlxalq hüquqa üstünlük verəcəyini növbəti dəfə bəyan etmişdi:

“Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”.

Azərbaycan Prezidentinin bəyanatı o zaman Ukrayna cəmiyyəti və dövləti üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki həmin dövrdə müharibənin başlayacağı rəsmi və ictimai müzakirələrin aparıcı mövzusu idi. Belə həssas məqamda Azərbaycan Prezidentinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə etməsi təkcə hüquqi seçim məsələsi deyildi. Bu, həm də 30 il işğala məruz qalmış və sonda ədaləti savaş meydanında bərpa etmiş qalib dövlətin Müzəffər Liderinin mənəvi dəyərlər sisteminə sadiqliyinin ifadəsi demək idi.

Prezident İlham Əliyev şəxsən özünün və Azərbaycan xalqının məhz bu dəyərlərə bağlı olduğunu aprelin 25-də Qəbələdə mətbuata verdiyi bəyanatında bir daha açıq mətnlə ifadə etdi:

“Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.  

Cənab Prezidentin bu bəyanatı həm də o deməkdir ki, geosiyasi çağırışların təhlükə dərəcəsindən və xarici tərəfdaşların siyasi çəkisindən asılı olmayaraq, Azərbaycan bundan sonra da yalnız beynəlxalq hüququ və ədaləti müdafiə edəcək.

Elə bu səbəbdən, Prezident Volodimir Zelenskinin Qəbələdə mətbuata bəyanatında səsləndirdiyi mesaj nə qədər böyük rezonansa səbəb olsa da, əslində, Azərbaycan Liderinin siyasi iradəsinə və dəyişməz mövqeyinə bəslənilən inam və etimadı ifadə edir:

“Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə”.

Ukrayna Prezidentinin geniş əks-sədaya səbəb olmuş bəyanatı təsdiq edir ki, zədələnmiş beynəlxalq münasibətlər sistemini yalnız qarşılıqlı etimad mühitinin bərpası xilas edə bilər və bunun üçün etibarlı tərəfdaş statusunu qazanmış ölkə və liderlərin ortaq səylərinə ciddi ehtiyac var. Bu reallığı öz haqqı uğrunda mübarizə aparan Ukrayna ilə yanaşı, artıq çoxları görür və etiraf edir. Prezident İlham Əliyevin nüfuzlu “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi həm də bu siyasi gerçəkliyin etirafı, Azərbaycan Prezidentinin şəxsiyyətinə bəslənilən beynəlxalq etimadın ifadəsi deməkdir.

Ülvi Quliyev                                                                                    

Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki