image-media-media-tdt-konfrans-iq29g4-a93smqbackend

Azərbaycan Türk Dünyasının inteqrasiyasında aparıcı qüvvə rolunda – Tənzilə Rüstəmxanlı

image-ads-728x90

Türk dünyasında inteqrasiya son illərdə yeni mərhələyə daxil olub. Ortaq tarixi və mədəni bağlara əsaslanan münasibətlər artıq təhlükəsizlik, enerji, nəqliyyat, investisiya və siyasi koordinasiya kimi strateji istiqamətləri də əhatə edir. Azərbaycan isə bu prosesdə Türk Dövlətləri Təşkilatı daxilində fəal və etibarlı platformalardan biri kimi çıxış edir.

media-whatsapp-image-2025-11-25-at-14-11-56

Bakının son günlərdə Türk Dövlətləri Təşkilatının mühüm siyasi, dini və təhlükəsizlik tədbirlərinə ev sahibliyi etməsi Azərbaycanın Türk dünyasındakı artan diplomatik və təşkilati rolunu yenidən gündəmə gətirib. Azərbaycan TDT çərçivəsində təhlükəsizlikdən nəqliyyata, enerjidən investisiyalara, humanitar əlaqələrdən gənclər siyasətinə qədər daha geniş əməkdaşlıq gündəliyinin formalaşdırılmasını təşviq edir. Bu baxımdan paytaxtımızda keçirilən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı xüsusi önəm kəsb edib.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyası ilə münasibətlərinin strateji xarakterini və TDT qarşısında müəyyən etdiyi hədəfləri bir daha ortaya qoydu.

Çıxış yalnız təşkilatın gələcək inkişaf istiqamətlərinə dair mövqenin ifadəsi deyil, eyni zamanda dəyişən regional və qlobal reallıqlar fonunda Türk dövlətləri arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik əməkdaşlığının daha yüksək mərhələyə qaldırılması üçün mühüm mesajlar toplusu kimi diqqət çəkdi.

TDT-nin beynəlxalq nüfuzunun artırılması cənab Prezidentin çıxışında əsas xətt TDT-nin beynəlxalq nüfuzunun daha da artırılması ilə bağlı idi. Azərbaycanın mövqeyinə görə, Türk Dövlətləri Təşkilatı üzv ölkələr arasında əməkdaşlığı koordinasiya edən regional format olmaqla kifayətlənməməli, beynəlxalq münasibətlər sistemində çəkisi və təsir imkanları artan aparıcı təşkilatlardan birinə çevrilməlidir.

Bunun üçün isə siyasi iradə ilə yanaşı, üzv dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi, müntəzəm dialoqun genişləndirilməsi və ortaq gündəliyin formalaşdırılması vacibdir. İlham Əliyev çıxışında Azərbaycanın ikitərəfli gündəliyinin ilk növbədə Türk dünyası ölkələrinə yönəldiyini bildirib.

Prezident Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradıldığını, qarşılıqlı investisiyaların cəlb olunması prosesinin davam etdiyini qeyd edib. O, Türk dünyasını Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri kimi təqdim edib və “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” ifadəsini yenidən səsləndirib.

Bu siyasətin praktik tərəfi isə yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Müttəfiqlik münasibətləri, investisiya mexanizmləri, nəqliyyat layihələri və təhlükəsizlik əməkdaşlığı paralel şəkildə inkişaf etdirilir.

Prezidentin çıxışının ümumi məzmunundan belə bir strateji xətt görünür: Türk dövlətləri dəyişən dünya nizamında yalnız tarixi və mədəni yaxınlıq əsasında deyil, konkret siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik maraqları üzərindən daha sıx əməkdaşlıq etməlidirlər. Azərbaycan isə bu prosesdə həm təşəbbüskar, həm platforma təqdim edən, həm də etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Göründüyü kimi, sentyabrın 17-də Bakıda səslənən mesajlar TDT-nin gələcək inkişafı üçün əsas prioritetlərin konturlarını da müəyyənləşdirir. Daha intensiv siyasi dialoq, güclü nəqliyyat və enerji bağlantıları, qarşılıqlı investisiyaların artırılması, ikitərəfli müttəfiqlik münasibətlərinin genişləndirilməsi, gənclər siyasətində koordinasiya və yeni təhlükəsizlik çağırışlarına birgə cavab mexanizmlərinin formalaşdırılması bu gündəliyin əsas istiqamətləridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki