Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi regionun gələcəyi baxımından ən mühüm siyasi gündəmlərdən biri olaraq qalır. Xüsusilə Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda bu sənədin hansı vaxtda – seçkilərdən əvvəl, yoxsa sonra imzalanmasının daha məqsədəuyğun olacağı sualı geniş müzakirələr doğurur.
Ermənistanla sülh müqaviləsinin parlament seçkilərindən öncə, yoxsa sonra imzalanması daha düzgün olardı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin nə qədər tez imzalanması Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına bir o qədər əlverişli şərait yarada bilər:
“Lakin nəzərə almaq lazımdır ki, bu sənədin imzalanması üçün Azərbaycanın Ermənistana irəli sürdüyü müəyyən şərtlər mövcuddur. Həmin tələblərin əsasını Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yer alan müddəaların dəyişdirilməsi təşkil edir. Bu baxımdan Ermənistanda Konstitusiyaya dəyişiklik edilməsi üçün mütləq referendum keçirilməlidir. Əgər referendum nəticəsində müvafiq dəyişikliklər təsdiqlənərsə, o zaman sülh sazişinin imzalanması mümkün olacaq. Hazırkı vəziyyətdə isə görünən odur ki, Ermənistan hakimiyyəti seçkilərə qədər referendumla bağlı qərar qəbul etməkdə çətinlik çəkir və mümkün nəticələrdən ehtiyatlanır. Bu səbəbdən mühüm qərarın taleyi böyük ölçüdə seçkilərin nəticəsindən asılı olacaq”.
Politoloq əlavə edib ki, əgər Nikol Paşinyanın komandası parlament seçkilərində qələbə qazanarsa, Konstitusiya dəyişikliklərinin səsverməyə çıxarılması və referendumun keçirilməsi gündəmə gələ bilər:
“Bu ehtimal nəzərə alındıqda, Ermənistanda parlament seçkilərindən sonra referendumun təşkili və bunun ardınca sülh müqaviləsinin imzalanması daha real görünür. Azərbaycan isə öz mövqeyində qətidir. “France 24” telekanalına müsahibəsində ölkə başçısı vurğulayıb ki, Konstitusiyaya dəyişiklik edilmədən sülh sazişinin imzalanması mümkün deyil. Eyni zamanda bildirilib ki, əsas qanunda düzəlişlər həyata keçiriləcəyi təqdirdə Azərbaycan dərhal sülh müqaviləsini imzalamağa hazırdır””.





















