Azərbaycanın mədəniyyətini və tarixini beynəlxalq auditoriyaya tanıtmaq məqsədilə 21 dildə yayımlanan “İRS” jurnalının suahili dilində ilk sayı işıq üzü görüb.
Korrekt.az xəbər verir ki, yeni nəşr “Irs-Urithi” adı ilə oxuculara təqdim olunub. Nəşr Şərqi Afrikada suahili dilində danışan geniş auditoriyaya hesablanıb.
Jurnalın yeni buraxılışında Azərbaycan haqqında tarixi, mədəni və ictimai məlumatlarla yanaşı, ölkənin Afrika ilə əlaqələrinə dair mövzular da yer alıb.
İlk sayda Keniya-Azərbaycan əməkdaşlığı, şəhərsalma və şəhərlərin inkişafı, eləcə də Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinə dair materiallar təqdim edilib.
Nəşrin suahili dilində hazırlanması Azərbaycan haqqında məlumatların Şərqi Afrika ölkələrində daha geniş oxucu kütləsinə çatdırılması baxımından yeni imkan kimi qiymətləndirilir.
“Irs-Urithi” jurnalının ilk sayının üz qabığında isə Bakının müasir memarlıq rəmzlərindən biri olan Alov qüllələri təsvir edilib.





















