“ABŞ-nin prezidenti Donald Tramp hazırkı mərhələdə Rusiya ilə razılığa gəlməkdə maraqlı görünmür.Bunun əsas səbəbi Kremlin vaxtilə Tramp tərəfindən uzadılan əməkdaşlıq və yaxınlaşma təşəbbüslərinə müsbət cavab verməməsidir.”- bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, Ukrayna son dövrlərdə Rusiyanın hücumlarına cavab olaraq ölkə daxilində strateji əhəmiyyət daşıyan obyektləri hədəfə almaq imkanlarını genişləndirib.
O bildirib ki, Ukraynanın Rusiyanın iri neft emalı müəssisələrindən birinə endirdiyi zərbə Moskva üçün ciddi nəticələr doğura bilər.
“Sözügedən müəssisə Rusiyanın yanacaq təminatında əsas rola sahib idi. Benizin 50 faizi, dizel yanacağının 28 faizi bu neft emalı zavodunun payına düşürdü.Belə obyektlərin sıradan çıxarılması ölkədə yanacaq təchizatı ilə bağlı problemlərin yaranmasına səbəb ola və iqtisadi təzyiqi daha da artıra bilər. Ukraynanın həyata keçirdiyi bu cür əməliyyatlar Qərbin, xüsusilə ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı formalaşdırdığı ümumi təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Moskvanın danışıqlara meyil göstərməməsi Qərb dövlətlərini əlavə təsir vasitələrindən istifadə etməyə sövq edir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq əlavə edib ki, yaxın perspektivdə Rusiyanın hərbi və iqtisadi infrastrukturuna qarşı hücumların intensivliyinin artması ehtimalı var.
“Avropa İttifaqı Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar paketi üzərində işləyir. Bütün bu proseslər Rusiyaya qarşı təzyiqin artırılmasına və nəticə etibarilə Moskvanın danışıqlar masasına əyləşməsinə hesablanıb.”– deyə Arzuman Muradlı bildirib.





















