Ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə öz işinə başlayan IV Şuşa Qlobal Media Forumu da bu qəbildəndir. Dünyanın 50-dən çox ölkəsindən 160-dan artıq media təmsilçisinin və tanınmış ekspertlərin iştirakı ilə keçirilən forum üç əsas məqamı ilə diqqət çəkir.
Bunlardan birincisi Qlobal Media Forumunun bu sahədə əməkdaşlıq platformasına çevrilməsidir. Artıq dördüncü dəfə keçirilən foruma iştirakçı marağının artması və tədbirə qatılanların say tərkibinin geniş olması bunu təsdiqləyir. Əgər üçüncü forumda 52 ölkədən 140-a yaxın iştirakçı qatılmışdısa, bu dəfə forumda iştirakçıların sayı 160-dan çoxdur. Eyni zamanda, iştirakçı ölkələrin siyahısında da artım tendensiyası müşahidə olunur. Bu da öz-özlüyündə dünyanın aparıcı media qurumlarının və tanınmış simalarının Qlobal Media Forumuna bu sahədə əməkdaşlığa töhfə verən bir platforma kimi baxdıqlarının göstəricisidir.
Bu gün sirr deyil ki, dəqiq və qərəzsiz informasiya ilə yanaşı, dezinformasiya, saxta xəbərlər və kibertəhlükələr kimi problemlər də qlobal xarakter daşıyır və sərhəd tanımır. Bu baxımdan media sahəsində beynəlxalq əməkdaşlıq və birgə fəaliyyət sadaladığımız problemlərin həllində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan bu sahədə əməkdaşlığa xidmət edən bir platforma təqdim edib. Tədbir boyunca forum iştirakçıları müxtəlif ölkələrin təcrübələrini bölüşməklə yanaşı, müasir jurnalistikanın inkişaf istiqamətlərini müzakirə edir və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirirlər.
Forumu əhəmiyyətli edən digər bir məqam onun azad Qarabağda keçirilməsidir. Qlobal Media Forumu 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad etdiyi şəhər və rayonlarda həyata keçirdiyi infrastruktur layihələrinin, şəhərsalma işlərinin və Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Forum iştirakçıları Azərbaycanın regionda yaratdığı yeni reallıqları öz gözləri ilə görərək bunu çalışdıqları media qurumları vasitəsilə həm yaşadıqları ölkələrin ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya çatdıracaqlar. Bu isə ümumilikdə ölkəmizin təqdimatı baxımından mühüm və müsbət addımdır.
Nəzərə alsaq ki, Qlobal Media Forumu mədəniyyət ocağımız sayılan Şuşada keçirilir, bu, həm də Qarabağın mədəni irsinin iştirakçılar tərəfindən yaxından öyrənilməsi deməkdir. Eyni zamanda, Şuşada belə nüfuzlu beynəlxalq tədbirin keçirilməsi şəhərin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Onu da qeyd etmək lazımdır ki, tarixi və mədəni əhəmiyyətə malik olan Şuşa son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu mənada müxtəlif formatlı tədbirlərdə iştirak edən nümayəndələrin şəhərlə yaxından tanış olması Azərbaycanın mədəni irsi və regionun inkişafı haqqında birbaşa məlumat əldə etmələrinə də imkan yaradır.
Nəhayət, Qlobal Media Forumunun diqqət çəkən məqamlarından biri də tədbirin adı və ona uyğun olaraq Şuşadan verilən sülh mesajları oldu. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forumda cənab Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq sülh gündəliyini bir daha açıqladı və bəşəriyyəti sülhə səslədi.
Prezident İlham Əliyev bildirdi ki, hazırda həm şimalımızda, həm də cənubumuzdakı qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir:
“Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda, əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Tezliklə münaqişəyə son qoyulacağına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir. Azərbaycan bu məsələdə yalnız sülh istəyir. Bizim sərhədlərimizin hüdudları boyunca sabitlik var. Ancaq sərhədləriniz boyunca münaqişələr varsa, özünüzü təhlükəsiz hiss edə bilməzsiniz. Azərbaycan bir ildən azdır ki, sülh şəraitində yaşayır. Biz sərhədlərimizin şimalında da, cənubunda da sülh olmasını istəyirik.”
Qlobal Media Forumu həm də Azərbaycanın prinsipial mövqeyinin, regional və qlobal aspektdə oynadığı rolun, Cənubi Qafqazda yaratdığı yeni reallıqların və bu reallıqları qəbul etməyən qüvvələrə münasibətinin bir daha nümayiş etdirilməsi baxımından önəmli sayıla bilər.
Dövlət başçısı Bakının prinsipial mövqeyini bir daha Şuşadan dünyaya bəyan edərək bildirdi ki, Azərbaycanla dost olmaq istəyənlərlə dost, düşmən olmaq istəyənlərlə isə düşmənik. Bakı hər zaman birincinin tərəfində olub və bu prinsipə də sadiqdir. Lakin təəssüf ki, Avropadakı bəzi siyasi təsisatlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməkdən çəkinmir, öz məkirli planlarını davam etdirirlər.
Cənab Prezident bu mənada Avropa Şurasını və onun Parlament Assambleyasını xüsusi olaraq qeyd etdi və bildirdi ki, AŞPA-nın Azərbaycana qarşı çox müəmmalı və ultimativ xarakter daşıyan bəzi tələbləri var:
“Onlar tamamilə qəbuledilməzdir. Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə yox!”
Cənab Prezident adıçəkilən qurumun öz səhvini düzəltməyəcəyi təqdirdə Azərbaycanın qurumdan tamamilə çıxa biləcəyini də açıq şəkildə ifadə etdi:
“Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir. Bilmirəm, orada olmaq bəlkə də daha yaxşı olardı. Biz toqquşma axtarmırıq. Xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti də dövri olaraq bizə hər hansı əsas olmadan hücum çəkir.”
Beləliklə, əminliklə deyə bilərik ki, IV Şuşa Qlobal Media Forumu təkcə media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından deyil, eyni zamanda Azərbaycanın haqlı mövqeyinin bir daha dünyaya çatdırılması, həmçinin regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində də olduqca əhəmiyyətli tədbir olmuşdur.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı





















